Azərbaycanlılar Rusiyada varlana bilərlər...

Azərbaycanlılar Rusiyada varlana bilərlər...
  15 Dekabr 2015    Oxunub:5318
“Rusiyanın türk mallarına sanksiyalar tətbiq etməsi azərbaycanlı iş adamlarının işinə təsirsiz ötüşməyəcək. Xüsusən Rusiyada işləyən iş adamlarının və fermer təsərrüfatlarının gəlirləri təxminən 15% artacaq”.
Bunu AzVision.az-a iqtisadçı Vüqar Bayramov deyib.

Rusiyanın Türkiyəyə qarşı tətbiq etdiyi iqtisadi sanksiyalara münasibət bildirən ekspert qeyd edib ki, Azərbaycan Rusiya ilə Türkiyə münasibətlərinin yaxşı olmasında maraqlı olan ölkələrdəndir.

“Türk malları üçün Rusiya bazarı ən gəlirli bazarlardan idi. Türkiyənin istehsal etdiyi ərzaq məhsullarının 20%-i Rusiyaya ixrac olunurdu. Türkiyənin xaricə göndərdiyi geyim məhsullarının 15%-i Rusiya bazarının payına düşürdü. Türkiyə Rusiyaya ən çox məhsul ixrac edən ölkə idi. İki ölkə arasındakı iqtisadi münasibətlərin gərginləşməsi Azərbaycan üçün müəyyən imkanlar yaradacaq”.

V.Bayramov hesab edir ki, Azərbaycan Rusiya bazarına ərzaq məhsullarını, eləcə də kənd təsərrüfatı məhsullarını çıxarmaq imkanına malikdir: “Rusiya bazarında boşalan yerlər azərbaycanlı sahibkarlara öz məhsullarını xarici bazara çıxarmaq imkanı verəcək. Təbii ki, bu da yerli iş adamlarının gəlirlərinin artması ilə nəticələnəcək. Rusiya bazarında türk məhsullarının boşalması azərbaycanlı fermerlərə stimul verəcək”

Rusiya bazarının boşalmasının Azərbaycan üçün mənfi nəticələr verəcəyini deyən iqtisadçı ölkədə məhsul qıtlığı yaşanacağını da vurğulayıb.

“Əgər Azərbaycan məhsulları Rusiya bazarına daha çox çıxacaqsa, o zaman ucuz idxal hesabına daxili bazardakı qiymətlərin tənzimlənməsinə ehtiyac var. Bu zaman Azərbaycan Türkiyə və İrandan daha ucuz məhsulların ölkəmizə daxil olmasına imkan yaratmaqla daxili bazarda qiymət artımının qarşısını ala bilər”-deyə V.Bayramov bildirib.



Qeyd edək ki, 2016-cı il yanvarın 1-dən Rusiyaya Türkiyənin bir sıra kənd təsərrüfatı məhsulları və xammalı idxal etmək qadağan olunacaq. Siyahıya ət məhsulları (dondurulmuş toyuq, hind toyuğu, balıqlar), təzə və soyudulmuş tərəvəzlər (pomidor, soğan, gül kələm və brokkoli, xiyar və kornişonlar), təzə və qurudulmuş meyvələr (portağallar, mandarinlər, klementina, vilkinq və analoji hibrid sitrus, təzə alma, armud, ərik, şaftalı, nektarin, gavalı , göyəm və giləmeyvələr, həmçinin duz (xörək və denaturatlaşdırılmış duz daxil olmaqla) və natriumun xloridi daxildir.

Rusiya prezidenti Vladimir Putin noyabrın 28-də Türkiyəyə qarşı iqtisadi sanksiyaların tətbiqi haqqında fərman imzalayıb. Bununla da Türk şirkətlərinə Rusiyada işləmək qadağan olunub. Sənədə əsasən, Türkiyənin yuridiksiyası altında olan təşkilatlar üçün Rusiyada bir sıra işlərin icra edilməsinə məhdudiyyətlər yaradılır.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti