ABŞ-ın dollar qərarı: İkinci devalvasiya gəlir?

ABŞ-ın dollar qərarı: İkinci devalvasiya gəlir?
  18 Dekabr 2015    Oxunub:3313
Ötən gün ABŞ Federal Ehtiyat Sistemi (FES) uçot dərəcəsinin artırılması haqqında qərar qəbul edib.

ABŞ FES-in açıq bazarlar komitəsi növbəti iclasın yekunları üzrə baza faiz dərəcəsini rekord dərəcədə aşağı olan illik 0 – 0,25%-dən 0,50%-dək qaldırıb. FED-in bu qərarından sonra valyuta birjalarında dolların digər valyutalara nisbətdə bahalaşacağı gözlənilir.

Bu qərar Azərbaycan manatına necə təsir edəcək?

İqtisadçı Vüqar Bayramov AzVision.az-a açıqlamasında bildirib ki, ABŞ Federal Ehtiyat Sisteminin son qərarı heç də hər şeyin sonu anlamına gəlməli deyil.

Onun sözlərinə görə, uçot dərəcəsinin artırılması birmənalı şəkildə ucuz pul siyasətindən bahalı pul siyasətinə keçidin əsasını təşkil edir: “Sentyabr ayından fərqli olaraq dekabr ayında keçirilən toplantıda uçot dərəcəsinin dəyişiləcəyi gözlənilirdi. Bu baxımdan praktik olaraq bazar dəyişikliklərə hazır idi. Bazarın dəyişikliklərə hazır olması qlobal valyuta bazarının məhz bu dəyişikliklərə ciddi reaksiya verməməsinə gətirib çıxardı. Bir ay öncə ABŞ Federal Ehtiyat Sisteminin belə bir qərar qəbul edəcəyi ilə bağlı açıqlama yayılanda, bir gün ərzində avronun dollara nisbətən məzənnəsində kəskin azalmalar müşahidə olundusa, qərar qəbul edildikdən sonra bu heç də avronun kəskin azalmasına gətirib çıxarmadı. Avronun dolların məzənnəsinə nisbətən cüzi azalması müşahidə olundu. Mərhələli olaraq dolların möhkəmlənməsi prosesi həyata keçiriləcək. Hal-hazırda qəbul olunan qərar cüzi artımlarda özünü tapıb”.



İqtisadçının sözlərinə görə, FED-in qərarlarının manat üçün birabaşa yox, dolayı yollarla təsiri var: “Azərbaycan ikivalyutalı səbətdən istifadə etdiyi üçün dolların dünya bazarında möhkəmlənməsi manatın dollara nisbətən müqayisəli zəifləməsinə, avroya nisbətən isə möhkəmlənməsinə səbəb olur. Azərbaycan Mərkəzi Bankının mövcud rıçaqları son qərardan sonra manata olan psixoloji təzyiqin azaldılmasına imkan yaradır. Son qərardan sonra manata olan psixoloji təzyiqin azaldılması mümkündür. Bundan sonra Mərkəzi Bank mövcud vasitələrindən istifadə etməklə manata olana təzyiqi azalda bilər. Mərkəzi Bank birmənalı şəkildə bazarla və cəmiyyətlə kommunikasiyasını artırmalı və çalışmalıdır ki, psixoloji təzyiqin artırılması ilə bağlı bazara mövcud mesajları verə bilsin. O baxımdan Mərkəzi Bank daha çevik rıçaqlardan istifadə etməklə manatın məzənnəsindəki stabilliyi qoruyub saxlaya bilər. Amma bütün hallarda FED-in qərarı heç də hər şeyin sonu deyil. Azərbaycan Mərkəzi Bankı həmin dolayı təzyiqlərin azaldılması ilə bağlı tədbirlər həyata keçirə bilər. O baxımdan növbəti dövrdə məzənnənin necə dəyişməsi birbaşa Mərkəzi Bankın həyata keçircəyi işlərdən asılı olacaq”.

İkinci devalvasiyanın gözlənilməsi məsələsinə gəlincə, V.Bayramov qeyd edib ki, bu, FED-in qəbul etdiyi qərarla deyil, Mərkəzi Bankın qəbul edəcəyi qərardan asılı olacaq:

“Mərkəzi Bank borclanmaya getməklə mövcud siyasəti davam etdirib, dollarlaşma prosesinin başa çatmasını gözləy, daha sonra isə üzən məzənnə siyasətini tətbiq edə bilər. Və ya Mərkəzi Bank manatın yumşaldılmasına gedə bilər. Milli valyutanın məzənnəsi inzibati yolla tənzimləndiyi üçün bu, birbaşa Mərkəzi Bankın qəbul edəcəyi qərardan asılıdır. Bütün hallarda mövcud vasitələr və borclanma alətlərini nəzərə alsaq, Mərkəzi Bank manatın məzənnəsindəki stabilliyi qoruyub saxlamaq iqtidarındadır. Yaxın vaxtlarda Mərkəzi Bankın hansı məzənnə siyasətini qəbul edəcəyi bəlli olacaq”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti