ABŞ-ın dollar qərarı - Bakıda süni bahalaşma başladı (FOTOLAR)

ABŞ-ın dollar qərarı - Bakıda süni bahalaşma başladı (FOTOLAR)
  18 Dekabr 2015    Oxunub:8399
Xəbər verdiyimiz ABŞ Federal Ehtiyat Sistemi (FES) uçot dərəcəsinin artırılması haqqında qərar qəbul edib.

ABŞ FES-in açıq bazarlar komitəsi növbəti iclasın yekunları üzrə baza faiz dərəcəsini rekord dərəcədə aşağı olan illik 0 – 0,25%-dən 0,50%-dək qaldırıb. FED-in bu qərarından sonra valyuta birjalarında dolların digər valyutalara nisbətdə bahalaşacağı gözlənilir.

Bu qərar Azərbaycanda necə qarşılanıb?

Əməkdaşımız paytaxtda fəaliyyət göstərən valyutadəyişmə məntəqələrindəki vəziyyətlə maraqlanıb.



“28 May” metrostansiyasının yaxınlığında yerləşən valyutadəyişmə məntəqəsində durğunluq hiss olunurdu. “Exchange”də işləyənlərin sözlərinə görə, dollar ötən günlə müqayisədə bir qədər bahalaşıb.

“İnsanlar dollar almaq üçün fevral ayında daha çox müraciət edirdilər. O zaman dollar çox bahalaşmışdı. Bu səbəbdən xeyli sayda insan valyutadəyişmə məntəqələrinə axışırdı. İndi vəziyyət tam fərqlidir. Hazırda müştərilərin sayı xeyli azalıb”.



“Kredo Bank”ın valyutadəyişmə məntəqəsində də vəziyyət digərlərindən fərqlənmirdi: “Mərkəzi Bank dolların qiymətini 4 qəpik artırıb. Bizim mətəqədə ciddi dəyişiklik baş verməyib. Müştərilərimiz xeyli azalıb, insanlarda pul yoxdur dəyişməyə. Əvvəllər yaxşı işləyirdik. İndi özünüzdə görürsünüz gələn yoxdur. Biz də adi insanlar kimi vəziyyətin necə olacağını, dolların sonrakı durumunu bilmirik”-deyə valyutadəyişmə məntəqəsindən bildirilib.



“Yunayted Kredit Bank”ın “exchange”ində ABŞ-ın qərarı ilə əlaqədar dolların qiymətində bahalaşma hiss olunurdu.

“Dolların bazar qiymətində 15 qəpik artım olub. Ancaq elə məntəqələr var ki, iki qat artırıb 25-30 qəpik ediblər. Müştərilər ehtiyatlı olsunlar. Hər “exchange”də pullarını çevirməsinlər. Bəzi dollardəyişmə məntəqələri insanları aldadır”



İqtisadçı Vüqar Bayramov hesab edir, ki, ABŞ-ın dollarla bağlı qərarının birbaşa olmasa da, dolayı yolla Azərbaycan manatına təsir edəcək:

“Azərbaycan ikivalyutalı səbətdən istifadə etdiyi üçün dolların dünya bazarında möhkəmlənməsi manatın dollara nisbətən müqayisəli zəifləməsinə, avroya nisbətən isə möhkəmlənməsinə səbəb olur. Azərbaycan Mərkəzi Bankının mövcud rıçaqları son qərardan sonra manata olan psixoloji təzyiqin azaldılmasına imkan yaradır. Son qərardan sonra manata olan psixoloji təzyiqin azaldılması mümkündür. Bundan sonra Mərkəzi Bank mövcud vasitələrindən istifadə etməklə manata olana təzyiqi azalda bilər. Mərkəzi Bank birmənalı şəkildə bazarla və cəmiyyətlə kommunikasiyasını artırmalı və çalışmalıdır ki, psixoloji təzyiqin artırılması ilə bağlı bazara mövcud mesajları verə bilsin. O baxımdan Mərkəzi Bank daha çevik rıçaqlardan istifadə etməklə manatın məzənnəsindəki stabilliyi qoruyub saxlaya bilər. Amma bütün hallarda FED-in qərarı heç də hər şeyin sonu deyil. Azərbaycan Mərkəzi Bankı həmin dolayı təzyiqlərin azaldılması ilə bağlı tədbirlər həyata keçirə bilər. O baxımdan növbəti dövrdə məzənnənin necə dəyişməsi birbaşa Mərkəzi Bankın həyata keçircəyi işlərdən asılı olacaq”.

Paytaxt sakinləri ABŞ-ın qəbul etdiyi qərardan narahat olduqlarını bildirirlər. Onların sözlərinə görə, Azərbaycanda da dolların bahalaşması qaçılmaz olacaq.

ABŞ-ın məlum qərarından sonra Bakıda bir sıra valyutadəyişmə məntəqələrində dolların süni şəkildə bahalaşması hiss olunurdu.



Şahanə Rəhimli


Teqlər:  





Xəbər lenti