Evlərin qiyməti kəskin ucuzlaşacaq - Proqnoz

Evlərin qiyməti kəskin ucuzlaşacaq - Proqnoz
  21 Dekabr 2015    Oxunub:43282
Bu gün Azərbaycan Mərkəzi Bankın qərarı ilə ölkə valyutası üzən məzənnəyə keçib. Bununla da dolların rəsmi məzənnəsi 47,63% artaraq 1,5500 manat olub.

Azərbaycanda dolların 50 faiz bahalaşaması daşınmaz əmlak bazarında da böhranla müşahidə olunacaq.

MBA Consaltinq şirkətinin direktoru Nüsrət İbrahimov AzVision.az -a bildirib ki, aktivlik son 20 ildə özünün ən aşağı nöqtəsinə düşəcək.

Ekspert deyir ki, alqı-satqı ötən ayın əvvəli ilə müqayisədə xeyli aşağı düşəcək. Satıcılar və alıcılar hadisələrin axıcıllığını gözləyəcəklər:

“Daşınmaz əmlakın bahalaşma perspektivi yoxdur. Çünki fevral ayının 21-də olan devalivasiyadan sonra satıcılar ilk günlərdə manatı dollara çevirməyə və qiyməti artırmağa çəhd etdilər. Amma bu cəhd baş tutmadı və sonra öz məcrasına qayıtdı. İndi yenə də cəhd edəcəklər ki, qiyməti artırsınlar. Təbii ki, bu dəfəki cəhdlər də baş tutan deyil. Çünki alıcıların bir gecədə gəlirləri 50 fiaz artmır ki, həmin qiyməti versinlər. Odur ki, daşınmaz əmlakın bahalaşması uzaq perspektivdə sıfıra bərabərdir”.

Təkrar mənzil bazarında da qiymət ucuzlaşmasının qaçılmaz olduğunu deyən ekspertin sözlərinə görə, tikinti bazarının vəziyyəti çox çətin olacaq: “İdxal edilən tikinti materiallarının qiyməti 50 faizə yaxın artacaq və məhsulun maya dəyəri şişəcək. Onlar məcbur olub məhsulun maya dəyərini də satış qiymətinin üstünə əlavə edəcəklər”.



Ölkə daxilində istehsal edilən tikinti məhsullarının qiymətinin bahalaşacağının da qaçılmaz olduğunu deyən N.İbrahimov bildirib ki, növbəti ilin yanvar ayının 1-dən faydalı qazıntılara tətbiq olunacaq mədən vergisi 2 dəfəyə yaxın artacaq. Söz yox ki, bu da tikinti materaillarının maya dəyərinin 7-10 faiz bahalaşması ilə nəticələnəcək: “Tikinti şirkətləri bazarda yeni qiymətlərlə mənzilin kvadratmetrini satmaqda problemlə üzləşəcəklər. Bu da tikinti sektorunun bir daha tənəzzülünə gətirib çıxaracaq”.

İcarə mənzil bazarında da qiymətlərin ucuzlaşacağını söyləyən N. İbrahimov qeyd edib ki, maşın bazarında isə əkasinə bahalaşma müşahidə olunacaq:



“Amma bu o demək deyil ki, sahibkarlar maşınları sata biləcəklər. Yaxın 5 ildə maşınların satılmasını mümkün saymıram. Gələn ilin ikinci yarısında maşın bazarının da iflic vəziyyətə düşməsi qaçılmazdır. Bu gün bazarda orta hesabla 200-280 satıcı varsa onların sayının kəskin aşağı düşməsi qaçılmaz olacaq. Satış, servislər, maşın bazarı 2016-cı ildə özünün ən kritik böhran dövrünü keçirəcək” .

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti