Elman Rüstəmovdan manat açıqlaması: `Əsas səbəb neft deyil...`

Elman Rüstəmovdan manat açıqlaması: `Əsas səbəb neft deyil...`
  22 Dekabr 2015    Oxunub:11337
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın məzənnəsinin əhəmiyyətli dərəcədə dəyişməsinə imkan verməyəcək.

Bunu AzTV-yə müsahibəsində Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, valyuta bazarına və məzənnəyə təsir edən əsas amil yalnız neftin qiymətinin sürətlə aşağı düşməsi deyil, hazırda tərəfdaş ölkələrdə davam edən devalvasiyalar da bu məsələdə az rol oynamır. Son aylarda volatilliyin daha da artması nəticəsində 2014-cü ilin əvvəlindən bir sıra tərəfdaş ölkələrin milli valyutalarının dəyərsizləşməsi 100 faizi ötüb ki, bu da manatın məzənnəsinə təsir etməyə bilməz.

AMB sədri bildirib ki, ölkənin valyuta bazarına və manatın məzənnəsinə ciddi təzyiqlərin artmasını nəzərə alaraq, cari ilin fevral ayında manatın devalvasiyası həyata keçirildi. İqtisadiyyat, valyuta bazarı və manatın məzənnəsi neftin 50-55 dollar qiymətinə adaptasiya olundu. Lakin yaranmış şərait valyuta bazarının və manatın məzənnəsinin yeni neft qiymətləri ilə uyğunlaşmasını zəruri edir. Bundan əlavə, Mərkəzi Bankın İdarə Heyətinin qərarına əsasən bu gün üzən məzənnə rejiminə keçid barədə qərar qəbul olunub: "Üzən məzənnə nədir? Fundamental olaraq, bütövlükdə valyutada əmtəədir, ona tələb və təklif var, dünya bazarlarında onun qiyməti tələb və təklif arasında formalaşır. Buna idarə olunan üzən məzənnə deyirlər".

E.Rüstəmov əlavə edib ki, Mərkəzi Bank manatın məzənnəsinin istənilən istiqamətdə əhəmiyyətli dərəcədə üzməsinə imkan verməyəcək: "Biz bunu idarə edəcəyik, çünki bugünkü məzənnədən əhəmiyyətli kənarlaşma bazar üçün çox ciddi çaşqınlıq yarada bilər. Biz bazardayıq, bu gün ilk auksionumuzu təşkil etdik, yəni biz həm də məzənnənin əməliyyat çərçivəsini dəyişdik. Bundan öncə biz bazarın valyutaya olan tələbini tam ödəyirdik, lakin bundan sonra artıq bazara auksionlar vasitəsilə müəyyən məbləğdə valyuta təklif edəcəyik və buna tələb, təklif və qiymət proporsiyasının necə formalaşdığına baxacağıq. Bütövlükdə, hesab edirik ki, manatın məzənnəsi banklararası bazarda bankların bir-birinə alqı-satqısı yolu ilə formalaşan qiymətdən də əhəmiyyətli dərəcədə asılı olacaq".

O bildirib ki, üzən məzənnə rejimi uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq, tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması baxımından mühüm önəm kəsb edən sistemdir.


Teqlər:  





Xəbər lenti