`Devalvasiyanın müsbət tərəfləri də var` - Keçmiş maliyyə naziri

`Devalvasiyanın müsbət tərəfləri də var` - Keçmiş maliyyə naziri
  24 Dekabr 2015    Oxunub:6261
“Devalvasiya ölkədə ixracı stimullaşdırır, idxalın isə əksinə azalmasına səbəb olur ki, bu da hər bir ölkə üçün arzuolunandır”.
Bunu AzVision.az-a keçmiş maliyyə naziri, iqtisadçı-ekspert Fikrət Yusifov deyib.

Onun sözlərinə görə, milli valyutanın devalvasiyasının həm müsbət, həm də mənfi tərəfləri var.

“Devalvasiyanın mənfi tərəflərini ilk növbədə idxalla məşğul olanlar və xarici valyutada borcu olanlar hiss edirlər. Çünkü onlara xaricdən mal gətirmək və xarici valyutada olan borcu ödəmək üçün daha artıq yerli valyuta sərf etmək lazım gəlir. Məzənnə dəyişikliyi ilk növbədə ölkə daxilində yerli xammaldan istehsal edilən məhsulların rəqabət qabiliyyətinin bir xeyli yüksəlməsinə səbəb olacaq.

Bunu konkret bir misalla izah edək: Manatın dəyərinin 47% ucuzlaşmasına qədər, əgər hər hansı bir yerli istehsalçı yerli xammaldan 100 manatlıq məhsul istehsal edirdisə və bu məhsulun dollar ifadəsində dəyəri 95 dollar idisə (100:1,05), indi o eyni dəyərdəki həmin məhsulu 65 dollara istehsal etmiş olacaq (100:1,55). Deməli manatın ucuzlaşmasına qədər xarici bazara dəyəri 95 dollara başa gələn məhsul indi onun istehsalçısına 30 dollar ucuz, yəni 65 dollara başa gələcək. Bu da həmin məhsulu başqa ölkələrdən ixrac edilən eyni məhsullara nisbətən daha cəlbedici, yəni daha rəqabət qabiliyyətli edəcək”-deyə Fikrət Yusifov bildirib.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti