Şiə-sünni davası neftin qiymətinə təsir edəcəkmi?

Şiə-sünni davası neftin qiymətinə təsir edəcəkmi?
  05 Yanvar 2016    Oxunub:3349
Şiə din xadimi Nimr əl-Nimrin Səudiyyə Ərəbistanında edam olunmasından sonra İranla Səudiyyə Ərəbistanı arasında münasibətlər xeyli gərginləşib.
İki ölkə arasında bütün əlaqələr kəsilib. Bu hadisədən dərhal sonra Səudiyyə Ərəbistanı, Bəhreyn və Sudan İranla diplomatik münasibətləri kəsdiyini elan edib.

OPEC-in əsas üzvlərindən olan İran və Səudiyyə Ərəbistanı arasında baş verən bu toqquşma dünya bazarında neftin qiymətinə necə təsir göstərəcək?

İqtisadçı Vüqar Bayramov AzVision.az-a açıqlamasında bildirib ki, Səudiyyə Ərəbistanı OPEC-də aparıcı ölkə olmaqla yanaşı, qərarların qəbul edilməsinə təsir edən ölkədir.

Ekspertin sözlərinə görə, iki ölkə arasında baş verən hadisələr cüzi də olsa neftin qiymətinə təsir göstərir: “Neftin qiymətində müəyyən qədər artım müşahidə olunur, amma bu, ciddi artım deyil. Kiçik artımlardan sonra qiymət müəyyən qədər stabilləşib. Bu, o zaman neftin qiymətinə ciddi təsir edər ki, Səudiyyə Ərəbistanında neft hasilatı və ixracatı ilə bağlı çətinliklər yaransın. Səudiyyə Ərəbistanında gündəlik neft hasilatı 10 milyon barreldən çoxdur. Bu ölkə dünyada ən çox neft hasil edən ölkələrdən biridir. İran da artıq hasilatı artırıb və gündəlik 3 milyon barrel neft hasil etməklə dünya bazarına daha çox neftlə daxil olmaq niyyətindədir. Bu ilin yanvarın 1-dən etibarən Avropa Birliyi İrana qarşı tətbiq etdiyi sanksiyaları tamamilə aradan qaldırıb. Bu da İrana xeyli imkanlar verib”.



İqtisadçı qeyd edib ki, Səudiyyə Ərəbistanında neft əsasən azlığa malik olan şiələrin yaşadığı ərazilərdə hasil olunur: “Həmin bölgələrdə hər hansı bir qarşıdurma yoxdur. Əgər şiələr yaşayan ərazilərdə hər hansı qarşıdurma baş verərsə, o zaman neftin dünya bazarına çıxarılmasına təsir göstərəcək. Bu da neftin dünya bazarında qiymətinin artmasına gətirib çıxara bilər. Hazırda belə bir qarşıdurma baş verməyib. Hər iki ölkənin dünya bazarına çıxması ilə bağlı hər hansı bir texniki çətinlik yoxdur. Bütün hallarda qiymətlərin dəyişməsi bu ölkələrin bazara çıxış imkanlarındakı çətinliklərin olub-olmamasından asılı olacaq. Əgər Səudiyyə Ərəbistanın dünya bazarına çıxmasında hər hansı bir çətinlik yaranarsa, tələb və təklif bərabərləşəcək. Bu da qiymət artımına gətirib çıxara bilər. Konflikt neft ixracatına təsir göstərməyəcəksə, qiymətlərə də elə bir təsiri olmayacaq”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti