SOCAR Kanada şirkəti ilə neft sazişi imzaladı
"Zenith Aran Oil Company Limited" şirkətinin baş icraçı direktoru Andrea Kattaneo Azərbaycanda fəaliyyətə başlamalarından, SOCAR-la əməkdaşlıqdan məmnun olduğunu bildirib, ölkəmizə yatırılan sərmayənin davamlı olacağına inandığını vurğulayıb.
Daha sonra “Muradxanlı”, “Cəfərli” və “Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş imzalanıb. Sazişi R. Abdullayev və A. Kattaneo imzalayıblar.
Bildirilib ki, sazişdə “Zenith” şirkəti 80%-lik, bütünlükdə SOCAR-a məxsus Ortaq Neft Şirkəti isə 20%-lik iştirak payına malikdirlər. Saziş 25 il müddətində qüvvədə olacaqdır. Ümumi sahəsi 642,4 kvadrat kilometr ərazini əhatə edən “Muradxanlı”, “Cəfərli” və “Zərdab” yataqlarında əvvəllər daha çox neft hasil edilsə də, hazırda burada sutkalıq hasilat təqribən 350 barel xam neft təşkil edir. Yataqlardan həmçinin, az həcmdə təbii qaz da hasil olunur ki, bu da sahənin öz təsərrüfat-istehsalat fəaliyyətində istifadə edilir.
Qeyd edək ki, “Zenith Aran Oil Company Limited” bütövlükdə “Zenith Energy Ltd.” şirkətinə məxsus olan ortaq şirkətdir. Dünyanın ən böyük və ən dəqiq neft-qaz mərkəzi olan Kanadanın Kalqari şəhərində əsası qoyulmuş “Zenith Energy Ltd.` şirkəti quruda zaman keçdikcə hasilatı azalıb, lakin kapital qoyuluşundan, birgə mühəndislik və texniki ekspertiza nəticəsində optimallaşdırma işlərindən sonra məhsuldarlığı artırıla biləcək təsdiqlənmiş neft və qaz yataqlarının sonrakı işlənməsini həyata keçirir. Şirkət kapital dəyərini maksimum artırmaq üçün daha güclü maddi-texniki təchizat təklif edən, eləcə də emal müəssisələrinə və boru kəmərlərinə yaxın ərazilərdə yerləşən hasilat imkanlarına maraq göstərir. “Zenith” şirkətinin menecmenti geniş beynəlxalq təcrübəyə, həmçinin bu strategiyanı həyata keçirmək üçün texniki biliklərə malikdir.
AzVision.az
Teqlər: