Mina problemi BMT-də müzakirə olunub

Qeyd edilib ki, Azərbaycanın Cenevrədəki nümayəndə heyətinə ANAMA-nın İdarə Heyəti sədrinin müavini Samir Poladov rəhbərlik edir.
Nümayəndə heyəti BMT-nin Minatəmizləmə Xidməti və Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzinin (GICHD) təşkilatçılığı ilə milli minatəmizləmə agentliklərinin rəhbərləri və BMT Müşavirlərinin 28-ci Beynəlxalq iclasında plenar sessiya və yan tədbirlərə qatılıb.
Agentliyin nümayəndəsi tədbir çərçivəsində keçirilən “Milli Potensialın İnkişafı: Minalarla Mübarizədə Effektiv Lokallaşdırma” mövzusunda plenar sessiyada panelist qismində iştirak və çıxış edib.
İclasda ANAMA tərəfindən təşkil olunan “Humanitar minatəmizləmə fəaliyyətində tədqiqat, innovasiya və texnologiyanın inkişafı” adlı yan tədbirdə isə Agentliyin nümayəndəsi, ASEAN Regional Minatəmizləmə Mərkəzinin icraçı direktoru, Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzi və BMT-nin bu sahə üzrə ekspertləri panelist qismində iştirak edib.
ANAMA-nın İdarə heyətinin sədr müavini Samir Poladov minalar və müharibənin digər partlayıcı qalıqları ilə çirklənmənin qlobal miqyasda ən ciddi humanitar problemlərdən biri olduğunu bildirib:
"Azərbaycan minatəmizləmə fəaliyyətinə innovasiya və texnologiyanın inteqrasiyası, resursların optimallaşdırılması üçün yeni imkanlar istiqamətində mühüm addımlar atır".
Tədbir çərçivəsində humanitar minatəmizləmə fəaliyyətində əməliyyatların effektivliyini artırmaq və riskləri azaltmaq məqsədilə ənənəvi üsullarla yanaşı qabaqcıl texnologiyaların tətbiqi, bu sahədə texnoloji irəliləyişlər, minatəmizləmə əməliyyatları zamanı prioritetlər və çağırışlar, eləcə də ASEAN Regional Minatəmizləmə Mərkəzinin innovativ yanaşmalarda rolu və bu istiqamətdə əməkdaşlıq mövzularında panel müzakirələr keçirilib, fikir mübadiləsi aparılıb.
AzVision.az
Teqlər: