200 milyon dollar ölkədə nəyi dəyişəcək?
İqtisadçı Vüqar Bayramov AzVision.az-a açıqlamasında bildirib ki, Dövlət Neft Fondunun büdcə qarşısında öhdəliyi var və bu öhdəliklər manatla ifadə olunduğu üçün Fond dollar aktivlərini bazar çıxararaq satır, əldə etdiyi manatı büdcəyə qaytarır.
“2016-cı ildə Dövlət Neft Fondunun xərcləri 8 milyard manatdan çox olacaq. Dövlət Neft Fondu bu öhdəliyi yerinə yetirmək üçün bazara dollar çıxarıb, əvəzində aldığı manatı büdcəyə və digər layihələrə köçürəcək. 200 milyon dolların bazara daxil olması müsbət haldır, amma bunun dollara olan təlabatın ödənilməsi və ajiotajın qarşısını almasına nail olacağını demək çətindir. Çünki son günlər dollara tələb xeyli artıb. Dövlət Neft Fondu gələcəkdə dollar satışını davam etdirəcəyi halda, bazarda tələbin stabilləşməsinə nail ola bilər”.
İqtisadçı hesab edir ki, Mərkəzi Bank da valyuta bazarına intervensiyanı davam etdirməli və bazara valyuta çıxarmaqla tələbi ödəməyə çalışmalıdır.
“Mərkəzi Bank dollara olan tələbin ödənilməsi üçün ciddi addımlar atmalıdır. Bu baxımdan Dövlət Neft Fondunun bazara daxil olması dollara olan tələbatın ödənilməsinə təsir göstərəcək. Tələbin tam ödənilməsi üçün zamana ehtiyac var”.
Ekspert fikrincə, hazırda ölkədə dollar çatışmazlığı hökm sürür: “Mərkəzi Bank elə gün olur ki, banklara 100 milyon dollar verir, amma bu da tələbi ödəmir. Hazırda gündəlik təlabat təxminən 200 milyon dollara yaxındır. Mərkəzi Bank bazara nə qədər çox dollar çıxarırsa, bu gündəlik dollara olan tələbin azalmasına gətirib çıxaracaq. Müşahidələr göstərir ki, gündəlik 200 milyon dollara ehtiyac var”.
Anar Kəlbiyev