`Sahibkarlıq neftdən böyük sərvətdir` – Müsahibə

`Sahibkarlıq neftdən böyük sərvətdir` – Müsahibə
  26 Yanvar 2016    Oxunub:6635
“Adətən bizim xalqımız haqqında deyirlər ki, “şair xalqdır”. Şair xalq olmaq pis bir şey deyil, ancaq bizim xalqımız həm də sahibkar bir xalqdır. Bu, çox böyük bir dəyərdir”.
Bu sözləri iqtisadçı Rüstəm Dastanoğlu AzVision.az-a müsahibəsində deyib. O, bildirib ki, iqtisadi çətinlikdən çıxmağın ən yaxşı yolu ölkədə sahibkarlığı inkişaf etməkdir.

- Azərbaycanda baş verən son iqtisadi proseslərə peşəkar yanaşma necə olmalıdır?

- Bizim xalqımızda, millətimizdə təbiətən çox böyük sahibkarlıq xüsusiyyəti var. Şərait yarananda sahibkarlıq qabiliyyətini hər zamn ortaya qoyur. 9-11 ci sinif şagirdləri üçün “İqtisadiyyatın əsasları” kitabında sahibkarlıq ilə bağlı belə bir hissə var: “Xüsui istedadı, qabiliyyəti və bacarığı olmayan şəxslərdə sahibkar olmaq cəhdi heç vaxt baş tuta bilməz. Sahibkarlar bəşəriyyətə maddi nemətlər bolluğu gətirən islahatçılardır. Onlar bu gün ilə gələcək arasında əlaqələndirici rol oynayırlar. Sahibkar hər bir xırda şeyi görmək və ondan düzgün nəticə çıxarmaq qabiliyyətinə malik olandır”. Sahibkarlıq da bir yaradıcı kefiyyətdir. Bizim neftdən, qazdan da üstün nemətimiz xalqımızda bu qabiliyyətin olmasıdır.

Cənab Prezidentin dediyi kimi, bizim dövlətimizin gələcəyi sahibkarlığın inkişafı ilə bağlıdır. Sahibkar orada olur ki, o yerdə bir şey çatışmasın. Məsələn, bir yol ideal formadadırsa, hər yan tikilib, qurulubsa, orada sahibkara ehtiyac yoxdur. Amma bir yerdə yol dağılıbsa , tikintiyə ehtiyac varsa, başqa bir çatışmazlıq varsa, orada hökmən sahibkara ehtiyac var ki, o yolu çəksin. Oranı sahmana salıb, tiksin. Bircə o qalır ki, şərait yaradasan, sahibkar o işləri etməyə başlasın. Prezidentin sahibkarlarla bağlı dediyi müsbət fikirləri əsas götürüb, sahibkarlığı təbliğ etmək lazımdır. Dünyada ən güclü dövlət Amerikadır, ÜDM-i 17 trilyondur. İkinci yerdə Çindir, sonra gəlir Yaponiya, Almaniya. Bunların gücü nədədir? Ondadır ki, ÜDM çox yüksəkdir. Bu, nəyin hesabına yaranır? Sahibkarların hesabına. Sahibkarlara gözəl mühit yaradırlar, onlar da məhsullar istehsal edirlər, iş yerləri açırlar. Biz də istəyirik ki, Azərbaycanımız güclü bir dövlət olsun. ÜDM yüksəlsin, camaatımız daha firavan yaşasın. Avropada 49 dövlət var. Onlardan 12-si bizdən ərazi və əhalicə çoxdur. Amma ÜDM-ə baxanda onların haradasa 25 faizi bizdən üstündür. Potensialımız var ki, Avropada, dünyada daha güclü olaq. Hansısa məmurun mənafeyi dövlət mənafeyindən üsün olmamalıdır. Sahibkar televiziyada, mətbuatda təbliğ olunmalıdır, çünki, dövlətə, cəmiyyətə lazımdırlar.

- Manatın üzən məzənnəyə keçməsinin sahibkarların fəlaiyyətinə nə kimi təsiri olacaq?

- İnsanlar manatın sabitliyinə uyğunlaşmışdılar. Ona görə, zəifləməsi, bir qədər durğunluq yaradır. Amma vətəndaşlarımız inşallahŞ buna da öyrəşəcəklər. Sahibkarlar gərək gəlirlərini minimuma endirsinlər ki, vətəndaşlarımız onların məhsullarını ala bilsinlər. Bir də, şərait yaradılmalıdır ki, idxal azaldılsın. Daha çox yerli məhsullar istehsal olunmağa başlanılsın ki, bizim valyuta kənara çıxmasın, əksinə, valyuta gəlsin. Sahibkarlıq konkretliyi, şəffaflığı, aydınlığı xoşlayan fəaliyyətdir. Bizdə demək olar ki, kütləvi turizm yox dərəcəsindədir. Gözəl beşulduzlu otellər yaradılıb, amma birincisi, hər turistin orada qalmağa imkanı yoxdur. Tutaq ki, dənizə görə gələn turist şəhərdə mənzil kirayə edir, nəqliyyata minir gedir dənizdə çimir, yenidən nəqliyyat ilə dənizdən qayıdır. Ona şərait yardılmlıdır ki, dənizin kənarında yaşasın. Başqa turistlərlə birgə gününü keçirsin, gözəl istirahət etsin. Bu, kütləvi turizmdir.

Bizdə, məsələn, Novxanıdan Sumqayıta kimi 10 kilometrdən artıq məsafə var. Dənizdə çimərlik hazır, sahil boyunca kafelər, restoranlar hazır, sol tərfdə bağlar hazır... Yəni konkret proyekt kimi götürülə bilər. Qurumlardan hansısa təklif edə bilər ki, orada evləri olanlarla bir-bir danışılsın. Hər bir evi olan adam da, məncə, gəlir gələcəksə, ondan imtina etməz. Təklif oluna bilər ki, siz bunu uyğunlaşdırın, Kabulettidə, Türkiyədə olduğu kimi turistləri qəbul edin. Ehtiyacı olana kredit də vermək olar. Bu yolla bir neçə yüz min insanı qəbul edə bilərik. Yəni onları şəhər mühitindən ayırıb, istirahət mühitinə dəvət edirik. Əlbəttə ki, avtobuslarla turlar təşkil edib, Bakının tarixi yerlərini göstərmək də olar. Hələ ki, bizdə kütləvi turizmə o şərait yoxdur. Bizim işgüzar xalqımız var. Onu dəyərləndirib, imkan verməliyik ki, imkanını göstərə bilsin. Sahibkarlara imkan yaradılmalıdır ki, gedib kənarda işlər görsünlər, ölkəyə valyuta gətirsinlər. İş yerləri açsınlar. Həm pul qazansınlar, həm də dövlətə vergi versinlər.



- Manatın zəifləməsi ixracata faydalı ola bilərmi?

- Bəli. Məsələn, adi yunu götürək. Tutaq ki, Avropada yuna böyük tələbat var. Yun bizdə araşdırsaq, 60 qəpik - 1 manat ətrafındadır. Bu, devalavasiyadan qabaq da həmin qiymətə idi. İndi bunu avro ilə Avropaya göndərəndə avropalı üçün daha ucuz başa gəlir. Onlar almağa daha çox maraqlı olurlar.

Neft bizə Allahın verdiyi təbii bir nemətdir. Neftdən gələn pullar çox böyük imkanlar açıb ki, ölkənin inkişafını təmin etsin. Azərbaycanın hər kvadrat metri yenidən qurulub. İndi dövlətimiz o kursu götürür ki, nefti xammal kimi yox, emal edib, məhsullar şəklində sataq. Bu, dövlət üçün daha faydalıdır. O istiqamətdə böyük işlər gedir.

- Turizmlə bağlı daha nələri etmək olar?

- Bizim millət qonaqpərvər millətdir. Bizim millətin çox böyük mətbəxi var, bizim dənizimiz var. Bunların hamısı turisti özünə cəlb edən bir şeydir. Turizmi kütləviləşdirmək lazımdır. Rusiyadan Türkiyəyə ildə 3 milyondan çox turist gedir. Şərait yaradılarsa, o turistlərin böyük bir hissəsi bizə gələr. Gəlmirlərsə, soyuqqanlı şəkildə özümüzdə günah axtarmalyıq ki, niyə gəlmirlər.Turizm üçün təbiət bizə hər şeyi verib, sadəcə, onları əlaqələndirməyi bacarmalıyıq.

Şahanə Rəhimli
Foto: Elvin Abdulla


Teqlər:  





Xəbər lenti