`Bölgələrdə əmək yarmarkaları keçiriləcək`

`Bölgələrdə əmək yarmarkaları keçiriləcək`
  30 Yanvar 2016    Oxunub:2717
Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov yanvarın 30-da Ağsu rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, S.Müslümov Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkəmizin uzunmüddətli tərəqqisini stimullaşdıran sosial-iqtisadi siyasətinin uğurlarından bəhs edib, son 12 ildə Azərbaycanın dünyada ən sürətlə inkişaf edən ölkə olduğunu vurğulayıb. Bu dövrdə 3,4 dəfə iqtisdai artım əldə edən Azərbaycanın qlobal iqtisadiyyatda mühüm rola malik nəhəng layihələrə müəlliflik etdiyini və beynəlxalq nüfuzunun xeyli yüksəldiyini bildirən nazir aparılan siyasətin sosial yönümlü olduğunu və hər bir vətəndaşın firavanlığına yönəldiyini vurğulayıb: “Qeyri-neft sektorunun genişlənərək ÜDM-də 70 faizə çatması, özəl sektorun iqtisadiyyatda payının 80 faizi keçməsi şəraitində 1,5 milyondan çox iş yeri yaradılaraq əmək bazarında sabitliyə nail olunub. Qlobal böhranla əlaqədar hətta Avropa İttifaqında işsizliyin 9,6 faizə yüksəldiyi halda, Azərbaycanda bu göstərici MDB-də ən aşağı səviyyəyə - 5 faizə enib. Son 12 ildə əhalinin gəlirləri 7 dəfə, adambaşına gəlirlər 6 dəfə artıb. 2003-cü illə müqayisədə işçilərə əmək ödənişlərinin ümumi məbləği 2015-ci ilin əvvəlinə olan məlumata əsasən, 6,6 dəfədən çox artıb. Orta aylıq əmək haqqı 5,6 dəfədən çox, ötən ilin 11 ayında isə 4,5 faiz artaraq 462 manata çatıb”.

Nazir bildirib ki, dünyada böhran proseslərinin kəskinləşdiyi, regionda hərbi-siyasi vəziyyətin gərgin xarakter aldığı, geosiyasi risklərin artdığı, ölkəmizə xaricdən mənfi iqtisadi təsirlərin gücləndiyi 2015-ci ildə belə Azərbaycanın inkişaf dinamikası qorunub saxlanıb: “Belə bir şəraitdə ötən il respublikada 1,1 faiz iqtisadi artıma nail olunması, o cümlədən qeyri-neft sənayesində 8,4 faiz artımın əldə edilməsi, əhalinin gəlirlərinin 5,7 faiz çoxalması, Azərbaycan iqtisadiyyatına daha 20 milyard dollar sərmayə qoyulması mühüm uğur kimi dəyərləndirilə bilər”.

S.Müslümov Azərbaycan Prezidentinin güclü sosial siyasətinin ötən il də bütün sosial proqramların uğurlu icrasına şərait yaratdığını vurğulayıb: “İl ərzində orta hesabla 112 663 ailəyə (492 337 nəfər ailə üzvü) ünvanlı dövlət sosial yardımı ödənilib və bu yardımların bir ailəyə düşən orta aylıq məbləği əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,1% artaraq 152,6 manata çatıb. Ölkə əhalisinin 4,8 faizinə və ya 463 min nəfərə yaxın insana aylıq və birdəfəlik sosial müavinət, 54,6 min nəfərdən çox şəxsə Azərbaycan Prezidentinin aylıq təqaüdü ödənilib. Müharibə əlilləri və şəhid ailələrinə 281 mənzil, gözdən əlillərə 132 mənzilli yaşayış binası, dövlət uşaq müəssisələrini bitirən və valideyn himayəsindən məhrum kimsəsiz gənclərə 120 mənzilli yaşayış binası təqdim olunub, müharibə əlillərinə 400 minik avtomobili verilib".

Nazir bildirib ki, dünya ölkələrində iqtisadi böhranla əlaqədar sosial sahə üzrə xərclər məhdudlaşdırıldığı halda, Azərbaycanda bu sahəyə dövlət qayğısı artmaqda davam edir: “Məsələn, ötən il dövlət büdcəsi xərclərinin 31,9 faizi (5665,9 milyon manat) məhz sosial təyinatlı xərclər (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) olub ki, bu da 2014-cü illə müqayisədə 3,4 faiz çoxdur”.

S.Müslümov son vaxtlarda xarici mənfi iqtisadi təsirlərin güclənməsi, digər ölkələrdə milli valyutaların kəskin ucuzlaşması səbəbindən manatın devalvasiyaya məruz qaldığı şəraitdə də dövlət başçısının ilk növbədə əhalinin etibarlı sosial müdafiəsinin təmin edilməsini hökumət qarşısında əsas vəzifə kimi müəyyən etdiyini vurğulayıb: “Neftin qiymətinin dünya bazarında kəskin ucuzlaşması ilə bağlı dövlət büdcəsi gəlirlərinin azalmasına, bu səbəbdən bir sıra layihələr üzrə xərclərin azaldılmasına baxmayaraq, Prezident cənab İlham Əliyev heç bir sosial proqramın qətiyyən təxirə salınmayacağını, bütün sosial proqramların davam etdiriləcəyini bəyan edib: “Bu ayın ikinci yarısı ərzində cənab Prezident tərəfindən yalnız əhalinin sosial müdafiəsi ilə bağlı 23 Fərman və Sərəncamın imzalanması indiki şəraitdə əhalinin sosial rifah halının yüksəldilməsinin dövlət başçısının ən çox diqqət yetirdiyi məsələlərdən biri olduğunu göstərir. Bu fərman və sərəncamlarla ölkədə əmək haqlarının artırılması ilə yanaşı, əmək pensiyaları və sosial müavinətlərin, Prezident təqaüdlərinin, məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətlərin və s. sosial ödənişlərin artırılması, aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ünvanlı dövlət sosial yardımı üçün əlavə vəsaitin ayrılması təmin edilib”.

Çoxsaylı iş yerlərinin yaradılması ilə yanaşı, son vaxtlarda iş yerlərinin bağlanması hallarının da baş verdiyini qeyd edən S.Müslümov dövlət başçısının müəyyən etdiyi vəzifələrə uyğun olaraq, qeyri-neft sektorunun inkişafını, özəl sektorun genişlənməsini, yeni iş yerlərinin açılmasını, əmək bazarında işçi qüvvəsinə tələbin artmasını stimullaşdıran tədbirlərin həyata keçirildiyini bildirib: “Bununla bərabər, işsiz və işaxtaran işaxtaran şəxslərin işlə təmin olunması üçün artıq iri işəgötürənlərlə birgə tədbirlər görülməsinə başlanılıb. Vakant iş yerlərinin yaradılması, həmçinin haqqı ödənilən ictimai işlərin təşkil olunması üçün işlər həyata keçirilməkdədir. Bundan başqa, bütün bölgələr üzrə əmək yarmarkaları təşkil olunacaq”.

S.Müslümov dövlət başçısının tapşırığına uyğun olaraq, ölkənin 2016-2025-ci illər üzrə Məşğulluq Konsepsiyası layihəsinin hazırlanmasına başlandığını qeyd bildirib: “Layihədə ölkəmizdə müsbət demoqrafik meyllər, əhalinin artımı nəzərə alınmaqla yeni iş yerlərinin daim artırılması əsas hədəflərdən biri kimi müəyyən olunacaq. Əmək bazarında tələb və təklif arasında tarazlığın təmin edilməsi, sahibkarlığın inkişafı, infrastruktur layihələrində, dövlət investisiya xərclərində məşğulluq amilinin önə çəkilməsi, rəqabətədavamlı kadr potensialının yaradılması, peşə-ixtisas təhsilinin əmək bazarının real və perspektiv tələblərinə uyğunlaşdırılması, işsizlkdən icbari sığorta sisteminin tətbiqi və s. zəruri tədbirlər Konsepsiyada əksini tapacaq. Sosial məsuliyyət və sosial tərəfdaşlığın inkişaf etdirilməsinə də önəm veriləcək, çünki bu amil də məşğulluq siyasətində çox vacib rola malikdir”.

Nazir əmək və sosial təminat sistemində aparılan islahatlar barədə də Ağsu rayon sakinlərini ətraflı məlumatlandırıb, görülən işlərin ilk növbədə əhalinin müasir və şəffaf xidmətlər sistemi ilə əhatə olunmasına yönəldiyini bildirib.

Görüşdə Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev Prezident cənab İlham Əliyevin regionların hərtərəfli inkişafına diqqət və qayğısının Ağsu rayonunda da mühüm nailiyyətlərin əldə edilməsinə şərait yaratdığını, qazanılan uğurların, geniş tikinti-quruculuq və abadlıq işlərinin ötən il də davam etdirildiyini vurğulayıb. Qeyd olunub ki, 2015-ci ilin sentyabrında Ağsu rayonuna səfəri zamanı Prezident cənab İlham Əliyevin iştirakı ilə açılışı olan içməli su şəbəkəsi, idman kompleksi, YAP rayon təşkilatı üçün yeni bina, əsaslı şəkildə yenidən qurulan şahmat məktəbi rayonun sosial-iqtisadi, ictimai həyatında xüsusi önəm kəsb edir. Rayonda kənd təsərrüfatının, sahibkarlığın inkişafı üçün mühüm işlər aparılır. Dövlət başçısının rayona səfəri zamanı vurğuladığı kimi, taxılçılıqda orta məhsuldarlıq bu gün Azərbaycanda ilk dəfə olaraq 30 sentnerdən yuxarıdır. Ağsu rayonunda isə təqribən 35 sentner təşkil edir. Rayonda sosial məsələlərin həlli, məşğulluq imkanlarının artırılması üçün həyata keçirilən tədbirləri də diqqətə çatdıran Ə.Seyidəliyev 2014-2018-ci illər üçün regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının ikinci ilinin yekunlarına dair konfransda Prezident cənab İlham Əliyevin regionların inkişafı ilə bağlı tapşırıqlarının Ağsu rayonunda da uğurlu icrası üçün səylərin daim artırılacağını bildirib.

Görüşdə S.Müslümov rayon ictimaiyyətinin nümayəndələrinin əmək hüquqlarının qorunması, xüsusilə məşğulluğun təminatı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı rəy və təkliflərini də dinləyib, onların həmin sahələrlə bağlı müraciətlərini cavablandırıb. Ayrı-ayrı vətəndaşların müraciətlərində əksini tapan sosial məsələlərin həlli ilə bağlı müvafiq işlərin aparılacağı diqqətə çatdırılıb.

Rayon sakinləri ölkənin bütün bölgələrinin, o cümlədən Ağsu rayonunun sosial-iqtisadi inkişafına göstərilən diqqət və qayğıdan, əhalinin sosial müdafiəsi sahəsində görülən işlərdən, habelə regionlarda belə görüşlərin təşkil olunmasından razı qaldıqlarını bildirib və dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.


Teqlər:  





Xəbər lenti