Prezident Neftçalada açılışda - YENİLƏNİB

Prezident Neftçalada açılışda - YENİLƏNİB
  28 May 2014    Oxunub:1219
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Neftçalada Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.

Dövlətimizin başçısı Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, Mərkəzin tikintisinə 2012-ci ildə başlanılıb. Binanın ətrafında geniş abadlıq-quruculuq işləri görülüb. Müasir interyeri ilə diqqəti cəlb edən foyedə Ümummilli Liderin büstü qoyulub. Mərkəzdə yaradılan Heydər Əliyev Muzeyində Ulu Öndərin müxtəlif dövrlərdə, o cümlədən Neftçala rayonuna səfərləri zaman çəkilən fotoları nümayiş olunur. Bundan başqa, muzeydə ümummilli lider Heydər Əliyev ilə bağlı kitablar, sənədlər və digər maraqlı eksponatlar sərgilənir.

Mərkəzdə elektron kitabxana, xalçaçılıq və toxuculuq, rəqs və xalq çalğı alətləri dərnəkləri fəaliyyət göstərəcək. Bu dərnəklər gənclərin müxtəlif sənətlərin sirlərinə yiyələnməsinə, onların asudə vaxtının səmərəli təşkil edilməsinə geniş imkanlar yaradır. Mərkəzdəki xarici dil kursları, 3D kinozalı, Olimpiya və interaktiv tirlər, intellektual oyun zalı, fotostudiya da müasirliyi ilə diqqəti cəlb edir. Müasir akustik sistemlə təchiz edilən 400 yerlik konfrans zalında Neftçala rayonunun ictimai-siyasi həyatında baş verən mühüm hadisələr və əlamətdar günlərlə bağlı tədbirləri yüksək səviyyədə keçirmək mümkün olacaq.

Qeyd edildi ki, Mərkəzdə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı və bununla bağlı mərasimlərin təşkili də nəzərdə tutulur. Binada Prezident İlham Əliyevin Neftçalaya səfərlərini əks etdirən fotolardan ibarət stend də maraq doğurur. Mərkəzin tikintisində şəhərsalma memarlığının son nailiyyətlərindən istifadə olunmuşdur. Burada sərgi salonu, kafe, istirahət otağı və digər yardımçı otaqlar vardır.
Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Rayon sakini Ruhəngiz Nəcəfova ölkəmizdə, o cümlədən Neftçalada həyata keçirilən abadlıq-quruculuq işlərinə görə Prezident İlham Əliyevə ictimaiyyət adından minnətdarlığını çatdırdı.

Səfəri çərçivəsində prezident İlham Əliyev həmçinin Neftçala Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak edib.

Son illərdə Azərbaycanın bütün bölgələri sürətlə inkişaf edir, gözəlləşir, müasirləşir. Prezident İlham Əliyevin Sərəncam və tapşırıqları əsasında regionlarda həyata keçirilən quruculuq işləri hər bir bölgənin inkişaf strategiyasına uyğun aparılır. Yeni tikilən binalar bölgələrin simasına müasir çalarlar qatır. İndi bütün regionlarda səngiməyən abadlıq-quruculuq işləri ölkəmizin kompleks inkişafını təmin edir.

Bu sırada son illərdə Neftçala rayonunda görülən işlər də diqqəti cəlb edir. Rayon icra hakimiyyəti üçün yeni tikilən binada yaradılan şərait bir faktı da təsdiqləyir ki, ölkədə dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi daim diqqət mərkəzindədir. Bundan başqa, müasir memarlıq üslubunda inşa olunan həmin bina rayonun görkəminə də xüsusi gözəllik verir. Bina bütün lazımı avadanlıq və sistemlərlə təchiz edilib.

Dövlətimizin başçısı binada yaradılmış şəraitlə tanış oldu.

Rayonun inzibati xəritəsinə baxan Prezident İlham Əliyevə Neftçalanın iqtisadiyyatı və həyata keçirilən infrastruktur layihələri barədə məlumat verildi.

İcra hakimiyyətinin inzibati binasının yerləşdiyi ərazidə geniş yaşıllaşdırma işləri aparılmış, müasir işıqlandırma sistemi quraşdırılmışdır. Buradakı fəvvarələr isə ərazini daha da gözəlləşdirir.

Sonda xatirə şəkli çəkdirildi.

AzVision.az


Teqlər:  





Xəbər lenti