Ukrayna hərbçiləri Kurskda mühasirəyə düşə bilər

Rusiya qoşunlarının cəbhə xəttini yararaq Kursk vilayətində iki istiqamətdən kritik təchizat xəttinə keçməsindən sonra 10 min Ukrayna əsgəri mühasirə təhlükəsi altındadır.
“Ukrayna itki verməmək üçün Kurskdan geri çəkilməyi düşünür. Biz itkilərdən qaçmaq istəyirik. Mühasirəyə düşmək qorxusu realdır, - ukraynalı kiçik çavuş “The Telegraph” nəşrinə deyib.
Ukraynanın “Deep State” layihəsinin xəritəsinə əsasən, Rusiyadakı Ukrayna qüvvələrinin demək olar ki, dörddə üçü tam mühasirə vəziyyətindədir və ikiyə bölünmək təhlükəsi ilə üz-üzədir. Rus qoşunları Kursk vilayətində Staraya, Novaya Soroçina və Nikolayevka kəndlərini ələ keçiriblər.
Sərhəd yaxınlığında qalan qoşunlar uzunluğu bir kilometrə yaxın və eni 500 metrdən az olan dar dəhliz vasitəsilə əsas qüvvələrlə əlaqə saxlayır. Sudjaya gedən yeganə Ukrayna yolu Rusiya PUA-larının zərbələrinin əhatə dairəsindədir.
Maraqlıdır ki, Rusiyanın strateji yolda irəliləməsi ABŞ-nin Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağı dayandırmasından az sonra başlayıb.
“ABŞ-nin müşahidəsinin məhdudlaşdırılması Rusiya qoşunlarına Ukraynanın xəbəri olmadan daha sərbəst fəaliyyət göstərməyə və hücumlar planlaşdırmağa imkan verəcək”, - ekspertlər bildirirlər.
Kiyevdəki hərbi kəşfiyyat zabiti “The Telegraph” nəşrinə açıqlamasında deyib ki, kəşfiyyat məlumatlarının paylaşılmasını dayandırmaq “müəyyən mənada işığın söndürülməsinə” bərabərdir. Bu baxımdan, kəşfiyyat məlumatlarına çıxışın məhdudlaşdırılması Ukraynanın Rusiyanın raket və pilotsuz təyyarələrinin hücumlarını proqnozlaşdırmaq qabiliyyətinə də mənfi təsir göstərir.
Qeyd edək ki, Rusiyanın Kursk vilayətində 95-ci Hava Hücum Briqadası, 115-ci Mexanikləşdirilmiş Briqada və 8-ci Əlahiddə Təyinatlı Alay da daxil olmaqla Ukraynanın elit hərbi bölmələri döüşürlər.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Kursk ukraynalılar mühasirə