Azərbaycan Brüsseldə Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbirdə təmsil olunub

Azərbaycan Brüsseldə Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbirdə təmsil olunub
  08 Mart 2025    Oxunub:728
Belçika Kralı Filip Əlahəzrətlərinin ali himayəsi ilə və Avropa İnkişaf və Araşdırmalar Akademiyası (EDARA), ICESCO, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birgə təşkilatçılığı ilə Belçika və Avropada “2025 İslam Dünyası İli” çərçivəsində tədbirlərdə iştirak edən QMİ sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə nümayəndə heyəti BMT-nin Brüsseldəki Qadınlar ofisində görüşə qatılıb.
AzVision.az xəbər verir ki , QİM-dən bildirilib ki, BMT-nin Brüsseldəki Qadınlar ofisinin direktoru Florens Rayesin giriş nitqi ilə açılan tədbirdə 1995-ci il “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” BMT konvensiyasından irəli gələn məsələlər barədə danışılıb.

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil olunan və Pekin Konvensiyasının 30-cu ildönümünə həsr olunan tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri tarix elmləri üzrə fəlsəfə doktoru Rəhimə Dadaşova çıxış edib. Pekin konvensiyasına qoşulmuş Azərbaycanın müstəqillik dövrünün Konstitusiyasında qadınların kişilərlə bərabər hüquqlarının təsbit olunduğunu xatırladan R.Dadaşova Azərbaycan qadınlarının həyatın bütün sahələrində - elm, təhsil, mədəniyyət, səhiyyə, iqtisadiyyat, diplomatiya, dövlət qurumlarında yüksək səviyyədə təmsil olunmasını vurğulayıb.

Beynəlxalq Qadınlar Günü ərəfəsində Brüsseldə belə bir tədbirin keçirilməsinin vacibliyindən danışan R.Dadaşova Şərqin avanqard dövləti olan Azərbaycanda qadınların öz intellekti, fədakarlığı, cəsarət və ləyaqəti ilə xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında müstəsna rol oynadığını xüsusi qeyd edib. Tarixən Azərbaycan qadınının hər zaman yüksək yaradıcı potensialı, maarifpərvər, xeyriyyəçi xüsusiyyətləri ilə seçildiyini qeyd edən R. Dadaşova qabaqcıl dünya dövlətləri arasında ilk dəfə, hətta ABŞ-dan öncə seçib seçilmək hüququnun məhz Azərbaycan qadınlarında olduğunu yeni dövr tariximizin əlamətdar faktlarından biri olaraq diqqətə çatdırıb.

Vətənimizin qüdrət və nüfuzunun yüksəldilməsində, milli dövlət quruculuğu prosesində ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın siyasi xadim olaraq dəyərli fəaliyyətini, mədəni-humanitar təşəbbüslərinin bəşəri əhəmiyyətini vurğulayan natiq bu fenomenin Azərbaycan və dünya qadınları üçün örnək nümunə olduğunu qeyd edib.

R.Dadaşova bildirib ki, çoxəsrlik mədəni-mənəvi sərvətlərimizin, müqəddəs ailə dəyərlərinin bu ğünədək layiqincə qorunub saxlanılmasında, gənc nəslin vətənpərvərlik ruhunda, milli-mənəvi dəyərlər işığında, tolerantlıq və multikulturalizm müstəvisində tərbiyəsində Azərbaycan qadını hər zaman cəmiyyətimizin mənəvi dayağı olub. Azərbaycan qadını tariximizin həlledici məqamlarında mətinlik nümunəsi göstərib.

Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini filologiya üzrə fəlsəfə doktoru Qəmər Cavadlı çıxış edərək qadınların müsəlman icması daxilində fəaliyyətləri, təhsili və s. barədə ətraflı məlumat verib. Q.Cavadlı Belçikada və Avropada “2025-ci ilin İslam Dünyası İli” elan edilməsi təşəbbüsünü yüksək qiymətləndirib, Azərbaycanın bu çərçivədə tədbirlərdə təmsil olunmasını, xüsusi dəyər kəsb edən hadisə kimi qeyd edib.

AzVision.az



Teqlər:





Xəbər lenti