Azərbaycan Slovakiyanın qaz təchizatı ilə bağlı müzakirələrə qoşulub

Avropa Komissiyası və Slovakiya Azərbaycanın enerji sahəsində etibarlı tərəfdaş kimi strateji əhəmiyyətini vurğulayıb. Həm təbii qazın tədarükü, həm də “yaşıl enerji” sahəsində əməkdaşlığın inkişafı üçün qarşılıqlı fəaliyyət və dəstəyə hazırlıq ifadə olunub.
SOCAR-ın vitse-prezidenti Elşad Nəsirovun da iştirak etdiyi tədbirdə ölkəmizin təbii qaz potensialı, xüsusilə də Avropaya əlavə ixrac imkanları barədə təqdimat edilib. Tədarükün artırılması və infrastrukturun inkişafı üçün zəruri şərtlər diqqətə çatdırılıb. Nazir müavini Azərbaycanın enerji dəhlizlərinin yaradılması istiqamətində strateji rolundan bəhs edərək Avropa tədarükçüləri ilə əməkdaşlığın genişləndirilməsi və enerji təhlükəsizliyinin təmin olunmasına dair dialoqa ölkəmizin töhfə verməyə hazır olduğunu bildirib. İclasda bərpa olunan enerjidən istifadənin inkişafı və ixrac planları haqqında məlumat verilib, “Xəzər-Qara dəniz-Avropa”, “Azərbaycan-Mərkəzi Asiya-Avropa”, “Azərbaycan-Türkiyə-Avropa” və “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan” yaşıl enerji interkonnektor layihələrinin reallaşdırılması istiqamətində görülən işlər diqqətə çatdırılıb.
Səfər çərçivəsində Avropa Komissiyasının Enerji üzrə Baş Direktoru Ditte Juul Jorgensen ilə görüş keçirilib. Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında enerji dialoqu, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində əməkdaşlıq, Mərkəzi Asiyadan “yaşıl enerji” tranziti də daxil olmaqla Avropaya bərpa olunan enerjinin müxtəlif marşrutlarla tədarükü məsələsi müzakirə olunub.
AzVision.az
Teqlər: Energetik-Nazirliyi