Azərbaycanda yeni zavod tikilir
Qeyd olunub ki, biznes mühitinə dair qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmlərinin səmərəliliyinin artırılması, sahibkarların maarifləndirilməsi və onların işgüzar əlaqələrinin inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ölkə iqtisadiyyatında özəl sektorun payı davamlı olaraq artır. Bunun nəticəsidir ki, ötən il ölkəmizdə sənaye istehsalı 2,4%, qeyri-neft sənayesi isə 8,4% artıb. Dünyadakı mürəkkəb siyasi-iqtisadi proseslərə baxmayaraq, ölkəmizdə mövcud olan əlverişli biznes mühiti və sahibkarlara göstərilən dəstək nəticəsində Azərbaycanda rəqabətqabiliyyətli məhsullar istehsal edən müəssisələr yaradılır.
Belə layihələrdən biri də Qaradağ Metal Konstruksiyalar Zavodu (“AzeriSteel”) tərəfindən tikiləcək rəqabətqabiliyyətli sənaye avadanlıqlarının istehsalı zavodudur. Layihə çərçivəsində qabaqcıl texnologiyalar əsasında neft-qaz və kimya sənayesi ilə yanaşı, əczaçılıq və yeyinti sənayesi üçün müxtəlif avadanlıqlar (istilik mübadilə qurğuları, reaktorlar, kristallizatorlar, distilyasiya kolonları, çənlər, təzyiq altında işləyən avadanlıqlar və s.) istehsal ediləcək. Zavodun dəyəri təqribən 32 mln. avrodur. Layihə çərçivəsində 700-dən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur. Zavodun layihələndirmə və mühəndislik işləri Almaniyanın bu sahədə böyük təcrübəyə malik olan “EPC Group” şirkəti tərəfindən həyata keçirilir. “EPC Group” zavodun fəaliyyəti dövründə də müəssisəyə texnoloji dəstək göstərəcək.
Qeyd edək ki, rəqabətqabiliyyətli sənaye məhsullarının və avadanlıqlarının istehsalına dövlət tərəfindən müxtəlif mexanizmlər vasitəsilə dəstək göstərilir. Belə ki, “AzeriSteel” İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun 10 mln. manat güzəştli krediti hesabına ölkəmizdə mürəkkəb metal konstruksiyalar istehsalı sahəsində aparıcı şirkətlərdən birinə çevrilib. Ümumiyyətlə, son illər Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ümumi dəyəri 981 milyon manat olan 130-dan çox müasir sənaye layihəsinin maliyyələşdirilməsinə 410 milyon manatdan çox güzəştli kredit ayrılıb. Bu müəssisələrdən 115-i artıq istifadəyə verilib. Bundan başqa, dövlətin sahibkarlığın inkişafına digər bir dəstək mexanizmi olan Azərbaycan İnvestisiya Şirkətinin sənaye avadanlıqlarının istehsalı zavodunda payçı kimi iştirak imkanları dəyərləndirilir.
SOCAR-ın vitse-prezidenti Tofiq Qəhrəmanov Heydər Əliyev adına Neft emalı zavodunda aparılan yenidənqurma işləri barədə məlumat verib, yeni yaradılan sənaye avadanlıqlarının istehsalı zavodunun əhəmiyyətindən bəhs edib, zavodda istehsal olunacaq məhsulların neft-qaz sənayesində istifadəsi imkanlarından danışıb.
“Azərkimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin üzvü Muxtar Babayev gələcəkdə zavodun məhsullarının neft-kimya sənayesində istifadəsi barədə fikirlərini bildirib.
Qaradağ Metal Konstruksiyaları Zavodunun (“AzeriSteel”) Direktorlar Şurasının sədri Rüfət Sucayev ölkəmizdə yaradılmış əlverişli biznes mühiti, sahibkarlığa göstərilən dövlət dəstəyi tədbirləri, xüsusilə də son zamanlar sahibkarlıq sahəsində inzibati prosedurların sadələşdirilməsi sahəsində atılan addımların sahibkarlar tərəfindən razılıqla qarşılandığını vurğulayıb, “AzeriSteel”in fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, sənaye avadanlıqlarının istehsalı zavodunun qurulmasında dövlətin dəstək mexanizmlərindən istifadə olunması nəzərdə tutulur. Zavodda istehsal ediləcək rəqabətqabiliyyətli sənaye məhsulları yerli bazarla yanaşı, xarici ölkələrə də ixrac olunacaq.
Almaniyanın “EPC Group” şirkətinin Satış Departamentinin rəhbəri Ernst Kühn, şirkətin Rusiya və MDB-də Biznesin inkişafı üzrə direktoru Ruslan Ahmetxanov çıxışlarında qeyd ediblər ki, Azərbaycanda formalaşmış əlverişli biznes mühiti müasir istehsal müəssisələrinin yaradılmasına geniş imkan yaradır. Sənaye avadanlıqlarının istehsalı zavodunun qabaqcıl standartlara cavab verəcəyi və rəqabətqabiliyyətli məhsullar istehsal edəcəyi diqqətə çatdırılıb, zavodun böyük ixrac potensialına malik olacağı vurğulanıb.
Teqlər: