`O qadın həyat yoldaşım deyil` - Qiymət Mehdiyev danışdı

`O qadın həyat yoldaşım deyil` - Qiymət Mehdiyev danışdı
  25 Yanvar 2016    Oxunub:14045
"Fotolarda görüntülənən qadın mənim həyat yoldaşım deyil".
AzVision.az xəbər verir ki, bunu lent.az-a açıqlamasında SOCAR-ın Əsaslı Kapital Qoyuluşları İdarəsinin rəis müavini Qiymət Mehdiyev deyib.

O, "kimlərsə kampaniya aparır”-deyə bildirib.

Q.Mehdiyev “Azərbaycandan kənarda başqa eviniz varmı?” sualına “əlbəttə var, amma o yazıda qeyd edildiyi kimi deyil" deyə bildirib.

SOCAR rəsmisi son hadisələrin onun ailəsində və özündə gərgin psixoloji vəziyyət yaratdığını qeyd edib: "Məni başa düşün. Çox gərginəm, geniş danışa, çoxsaylı suallarınıza cavab verə bilmirəm".

Xatırladaq ki, haqqın. az saytının yaydığı məlumata əsasən, Q. Mehdiyevin həyat yoldaşı Azərbaycan vətəndaşı, 1974-cü ildə anadan olmuş Mehdiyeva Könül Fərhad qızı 2014-cü il iyulun 4-də Türkiyənin elit kurort bölgəsi Bodrumda, Gökçebel qəsəbəsində 16 ikimərtəbəli villa və 12 min 621.71 kvadratmetr torpaq sahəsi alıb. K. Mehdiyeva bu əmlakı Alik Dunkan Morrison və Karen Meri Morrison adlı şəxslərdən əldə edib. K. Mehdiyeva bu əmlakı almaq üçün 20 milyon dollar ödəyib. Redaksiya K. Mehdiyevanın mülkləri almaq üçün qucaq dolusu milyonlarla dollar nağd pulu necə ödədiyinə dair videokadrlar və fotolara da malik olduğunu qeyd edib.
Yazıda eyni zamanda Q. Mehdiyevi şirkətinin vitse-prezidenti Mikayıl İsmayılovun himayə etdiyi vurğulanıb.

SOCAR isə məsələ ilə bağlı araşdırma başlatdığını bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti