Dəfn mərasimində Müdafiə Nazirliyinin, birlik, birləşmə və hərbi hissələrin şəxsi heyəti, yerli icra orqanları, ictimaiyyət və kütləvi informasiya vasitələri nümayəndələri iştirak ediblər.
Şəhidin vida mərasimində çıxış edən Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani zabitin döyüş tapşırığını yerinə yetirərkən cəsarət və şəxsi igidlik göstərdiyi üçün ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə təqdimat göndərildiyini bildirib.
Daha sonra Müdafiə Nazirliyinin İdarə rəisi polkovnik Rüfət Əmirov şəhidin xidmət yolundan, onun hərbi sahədə əldə etdiyi nailiyyətlərdən danışaraq kapitan Fikrət Məmmədovun nümunəvi zabit, mehriban ailə başçısı olduğunu mərasim iştirakçılarının diqqətinə çatdırıb.
Mərasim başa çatdıqdan sonra şəhidin cənazəsi fəxri qarovulun və böyük izdihamın müşayiəti ilə 2-ci Şəhidlər Xiyabanında əsgəri ənənələrə uyğun olaraq yaylım atəşləri altında son mənzilə yola salınıb. Tabut üzərindəki üçrəngli Dövlət Bayrağı əbədi xatirə saxlanılması üçün şəhidin ailəsinə təqdim edilib.