Milli Məclisdə balıq müzakirəsi

Qanun layihəsi haqqında məlumat verən komitə sədri Eldar İbrahimov bildirib ki, sənəd Azərbaycanda balıqçılığın, o cümlədən akvakulturanın (mədəni şəraitdə balıqçılığın inkişafı) təşkilinin, idarə edilməsinin, balıq və digər su bioresuralarının artırılmasının, istifadəsinin və mühafizəsinin hüquqi əsaslarını müəyyən edir: “Balıq və digər su bioresursları dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə ola bilər. Ərzaq və xammal kimi istifadə edilən, mühafizə olunan balıq və digər su bioresursları, onların məhsulları balıqçılıq obyektləridir. Qanuna edilən əsas dəyişikliklərdə əsas məqsəd Azərbaycanda balıq və digər su bioresusrlarının istehsalını artırmaq və bu sahədə sahibkarlığın inkişafını sürətləndirmək üçün qüvvədə olan maddələrdə dəyişikliklər etməklə yanaşı yeni maddələr əlavə edilməsi olub”.
O həmçinin qeyd edib ki, hazırda dünyada geniş inkişaf edən və ümumi balıq ovunun istehsalının 70 %-dən çoxunu özündə birləşdirən akvakultura sahəsi Azərbaycanda inkişaf etməyib:
“Balıqçılıq haqqında" qanunda akvakultura məsələləri əks olunmayıb. Son bir neçə ildə ölkədə vətəndaşlara bölünmüş pay torpaqlarında balıqçılıq təsərrüfatlarının yaradılması istehsal olunan məhsulun həcminin artırılmasına ciddi təsir edib. Lakin lazımi normativ hüquqi bazanın olmaması yaradılan balqıçılıq təsərrüfatlarının səmərəli fəaliyyətini və inkişafını təmin etməyib. Qüvvədə olan qanunvericiliyin akvakultura sektorunu əhatə etməməsi səbəbindən bu proses ölkədə kortəbii xarakter daşıyır”.
E. İbrahimov onu da əlavə edib ki, hazırda Azərbaycanda 12 balıqartırma müəssisəsi fəaliyyət göstərir, ancaq bu yetərli deyil.
Daha sonra çıxış edən millət vəkilləri bildirib ki, 2012-ci ildə adam başına balıq istehsalı 5.5 kq təşkil etməklə hər nəfər nəfərə 7.1 kq balıq istehlak edilib ki, bunun da 28 faizi idxal hesabına ödənilib. İstehlak edilən 7.1 kq balıq və balıq məhsulları Azərbaycanda minimum istehlak səbəti normasından xeyli çox olsa da, ümumdünya səhiyyə təşkilatının mnüəyyən etdiyi 8.3 kq normadan azdır və onun 85 faizini təşkil edir.
Qeyd olunub ki, hazırda Xəzər dənizinin balıq ehtiyatlarından 5 Xəzəryanı dövlət istifadə edir. 1992-ci ildə bu dövlətlər tərəfindən Xəzər Dənizinin su bioloji resursları komissiyası yaradılıb və dənizin balıq ehtiyatlarından səmərəli istifadəyə dair müəyyən tədbirlər həyata keçirilir. Lakin Azərbaycan dənizə buraxılan körpə balıqların sayına və dənizdə balıq ovuna qoyulan kvotaya düzgün əməl etsə də, bəzi ölkələr dənizə verdiklərindən çox götürürlər. Bu da Xəzər dənizində balıq ehtiyatlarının, xüsusi və nadir və nəsli kəsilməkdə olan növlərin azalmasına səbəb olur və çox ciddi tədbirlərin görülməsini tələb edir.
Millət vəkillər bildirib ki, Azərbaycanda özəl akvakultura təsərrüfatının yaradılmasına ehtiyac var.
Qeyd edək ki, qanun layihəsi parlamentin plenar iclasına tövsiyyə olunub.
Sevinc Iltifatqızı