YAP-dan Morninqstara “ağıllı ol!” mesajı

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar növbəti dəfə ölkəmizlə bağlı tənqidi fikirlə çıxış edib. Amerikalı diplomat böyük qalmaqala səbəb olan müsahibəsindən sonra yenidən Azərbaycanın daxili işlərinə qarışıb. Səfir bu dəfə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri rəhbəri Anar Məmmədlinin, icraçı direktoru Bəşir Süleymanlının həbsini pisləyərək bildirib ki, bu həbslər Azərbaycanın demokratik inkişafı istiqamətində ciddi geriləmədir.
Morninqstarın fikirləri cavabsız qalmayıb. Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Mübariz Qurbanlı səfirinin iradlarının qəbuledilməz olduğunu bildirib.
“Hesab edirəm ki, bu dəfə də cənab Morninqstar diplomatik fəaliyyətlə bir araya sığmayan açıqlamalar verir və bu da səfirlərlə əlaqədar beynəlxalq aləmdə təsbit olunmuş normalardan kənara çıxmaq deməkdir.
Morninqstar düzgün fikir demir, Azərbaycanda demokratiya inkişaf edir. Demokratik dəyərlər qorunur və cənab Morninqstarın Azərbaycanda fəaliyyəti dövründə onun çıxışlarının qərəzli notlarını görmüşük Amerikanın səfiri olaraq Azərbaycanla bağlı onun söylədiyi fikirlər Azərbaycan cəmiyyətində birmənalı qarşılanmır və bununla əlaqədar Azərbaycanın tanınmış insanları, ziyalıları fikirlərini bildirirlər. Ona görə də cənab Morninqstarın diplomatik fəaliyyəti ilə bağlı sərhədləri aşması və öz səlahiyyətləri çərçivəsində kənara çıxması ilə bağlı Prezident Adminstrasiyasının rəhbəri, hörmətli akademik Ramiz Mehdiyev çox tutarlı məntiqli müsahibə verib və müsahibəsində Morninqstarın hərəkətlərinin diplomatik fəaliyyəti ilə bir araya sığmadığını söyləyib. Səfirin fikirləri ilə razı deyiləm. Hesab edirəm ki, cənab Morninqstar ifadələrini söyləyərkən obyektiv olmağa çalışmalıdır”-deyə M.Qurbanlı bildirib.
Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı səfirliyi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri rəhbəri Anar Məmmədlinin, icraçı direktoru Bəşir Süleymanlının məhkum olunmasına münasibət bildirib.
Vurğulayıb ki, bu həbslər Azərbaycanın demokratik inkişafı istiqamətində ciddi geriləmədir.
Nihadə Eyyubova