Prezident nazirləri qəbul etdi

Prezident nazirləri qəbul etdi
  26 May 2014    Oxunub:1124
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 26-da Türkmənistanın xarici işlər naziri Rəşid Meredovu qəbul edib.
AzVision.az-ın məlumatına görə, dövlət başçısı Azərbaycan ilə Türkmənistan arasında əlaqələrin qədim tarixi köklərə malik olduğunu və bu gün müstəqil dövlətlər kimi ikitərəfli münasibətlərimizin fəal şəkildə inkişaf etdiyini vurğuladı.

Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin genişləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi. İkitərəfli əlaqələrin gələcək illərdə də inkişaf etdiriləcəyinə və möhkəmləndiriləcəyinə əminliyini ifadə edən dövlətimizin başçısı bunun üçün qarşılıqlı marağın olduğunu dedi. Münasibətlərimizin hazırkı səviyyəsinin razılıq doğurduğunu bildirən Prezident İlham Əliyev ölkələrimizin qarşılıqlı fəaliyyətinin regional əməkdaşlığın genişlənməsi baxımından da mühüm əhəmiyyət daşıdığını qeyd etdi.
Xarici işlər nazirlərinin yeni formatda keçiriləcək ilk görüşünün önəmini vurğulayan dövlətimizin başçısı görüşdə səmərəli müzakirələrin aparılacağına və yaxşı nəticələr əldə ediləcəyinə ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev üçtərəfli formatda keçirilən bu cür tədbirlərin regional əməkdaşlıqla yanaşı, ikitərəfli əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini vurğuladı.

Xarici işlər naziri Rəşid Meredov Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. Rəşid Meredov ölkəsinin Prezidentinin Azərbaycan ilə əlaqələrin iqtisadi, enerji, mədəni, humanitar və digər sahələrdə genişləndirilməsinə böyük önəm verdiyini dedi. Azərbaycana səfərinin Respublika Günü ərəfəsinə təsadüf etdiyini vurğulayan nazir Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun bu əlamətdar bayram münasibətilə ən səmimi təbriklərinin, ölkəmizin və Azərbaycan xalqının həyatında mühüm rol oynayan bu böyük gün ilə əlaqədar ən xoş arzularının ifadə olunduğu məktubu Prezident İlham Əliyevə təqdim etdi.

Dövlətimizin başçısı Prezident Qurbanqulu Berdiməhəmmədovun təbrikinə və salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkmənistan dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Eyni zamanda İlham Əliyev Türkiyənin daxili işlər naziri Efkan Alanı qəbul edib.

E.Alanı Türkiyə daxili işlər naziri təyin olunması münasibətilə təbrik edən dövlət başçısı ölkələrimizin daxili işlər nazirlikləri arasında mövcud sıx əməkdaşlığın bundan sonra da genişləndiriləcəyinə ümidvar olduğunu bildirib.

Ölkələrimizin dövlət və hökumət başçılarının, nazirlərin ilk xarici səfərinin qardaş ölkələrə etməsinin artıq bir ənənə halı aldığını vurğulayan Azərbaycan prezidenti E.Alanın Türkiyə daxili işlər naziri kimi Azərbaycana ilk səfərinin önəmini qeyd edib və səfərin əməkdaşlığımızın inkişafı ilə bağlı səmərəli müzakirələr aparılması üçün yaxşı fürsət yaratdığını deyib.

E.Ala isə nazir kimi ilk xarici səfərini Azərbaycana etməsindən məmnunluğunu diqqətə çatdırıb. Türkiyənin daxili işlər naziri Soma kömür mədənində kütləvi insan tələfatı ilə nəticələnən faciə ilə əlaqədar Azərbaycan xalqının, şəxsən prezident İlham Əliyevin Türkiyə xalqının dərdinə şərik çıxmasına görə minnətdarlığını bildirib.


Teqlər:





Xəbər lenti