Jurnalistlərin şikayət etdiyi mətbuat katibi DANIŞDI

Səhiyyə Nazirliyinin mətbuat katibi Anar Qədirlidən haqqında səslənən iradlara münasibət öyrəndik.
O, AzVision.az-a açıqlamasında barəsində deyilən iradları qəbul etməyərək təmsil etdiyi nazirliyin aktiv işlədiyini bildirib.
“Mətbuatda il ərzində təxminən 800 məlumatımız dərc olunur. Mənim özümün jurnalistlər arasında dostlarım da var. Uzun illər işlədiyimiz adamlar var və onlarla sıx əlaqədəyik. Bir neçə dəfə Səhiyyə Nazirlyiinin mətbuat xidməti “ilin ən yaxşı mətbuat xidməti” seçilib”.
Zənglərin cavabsız qalmağına gəlincə A.Qədirli bunu tədbirlərin çox olmağı ilə izah edib.
“Tədbirdə mobil telefona cavab vermək olmur. Amma Səhiyyə Nazirliyinin mətbuat xidmətinin telefonları var, ora zəng vura bilərlər. Sadəcə olaraq jurnalistlərdə yeni dəb çıxıb ki, mobil telefona 2-3 dəfə zəng edəndə sonra artıq mövzudan da, müsahibədən də əl çəkirlər. Tədbirlər, konfranslar olur ki, biz iştirak edirik və o zaman ola bilsin ki, mətbuat katibi 3-4 saat ərzində telefona cavab verə bilməsin. Bu o demək deyil ki, mövzudan əl çəkmək lazımdır. Yaxud da yazmaq lazımdır ki, Səhiyyə Nazirliyinin mətbuat xidməti sualı cavablandırmır”.
Fatimə Kərimli