Türkiyə Avropanın yenidən silahlanmasında iştirak etmək istəyir

   Türkiyə Avropanın yenidən silahlanmasında iştirak etmək istəyir
  07 Mart 2025    Oxunub:824
Türkiyənin hərbi-sənaye kompleksi Avropa İttifaqının müdafiə sənayesinin və Avropanın təhlükəsizliyinin gücləndirilməsinə töhfə verməyə hazırdır.
AzVision.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan belə bəyanatla çıxış edib.

“Hesab edirik ki, Avropanın təhlükəsizliyinin təminatı üçün bütün addımları Türkiyə ilə birlikdə planlaşdırmaq ümumi maraqlarımıza uyğun olardı. Bütün bu səylərdə, şübhəsiz ki, transatlantik əlaqələri maksimum dərəcədə qorumaq və müttəfiqimiz Amerikanın güclü dəstəyini almaq vacibdir”, - Türkiyə lideri Avropa İttifaqı Şurasının rəhbəri ilə Aİ tərəfdaş ölkələri arasında videokonfrans zamanı vurğulayıb.

Bu baxımdan, o, Türkiyənin müdafiə sənayesinin qabaqcıl texnologiyası ilə güclənən Avropa müdafiə sektoruna töhfə verməyə hazır olduğunu diqqətə çatdırıb.

- Düşünürəm ki, birlik çərçivəsində Avropa müdafiə sənayesi proqramları Avropanın bütün müttəfiqləri üçün açıq olmalıdır. Bizim də Ukraynanın yenidən qurulması və bərpası üçün Aİ proqramlarında iştirak etməyimiz vacibdir”, - Türkiyə lideri bildirib.

Ərdoğan Türkiyə ilə Aİ arasındakı münasibətlərin Avropanın iqtisadi təhlükəsizliyi və müdafiəsi üçün son dərəcə əhəmiyyətli olduğunu da vurğulayıb. Onun sözlərinə görə, Türkiyə-Aİ münasibətlərində uzunmüddətli strateji perspektivlə hərəkət etmək hər iki tərəfin maraqlarına uyğundur.

“Biz Aİ-yə tamhüquqlu üzv olmaq məqsədimizə sadiqik. Biz Aİ-nin strateji və perspektivli mövqe tutmasını gözləyirik və buna görə də üzvlük danışıqlarımız ən qısa zamanda bərpa olunacaq”, - Türkiyə prezidenti deyib.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Türkiyə   Avropa   silahlanma  





Xəbər lenti