ABŞ Çin gəmilərinə “sürpriz” hazırlayır

   ABŞ Çin gəmilərinə “sürpriz” hazırlayır
  07 Mart 2025    Oxunub:821
Rəsmi Vaşinqton Çində inşa olunan və ya Çin bayrağı altında üzən üzən bütün gəmilərdən ABŞ limanlarında lövbər salması üçün rüsum alınmasını təklif edib.
AzVision.az xəbər verir ki, ABŞ admisitrasiyasının hazırladığı qanun layihəsinə istinad edən “Reuters” agentliyi belə məlumat yayıb.

“Rüsumlar Amerika gəmiqayırma sənayesini canlandırmaq və Çinin qlobal gəmiçilik sənayesinə təsirini azaltmaq məqsədi daşıyır”, - agentlik bildirir.

Sənəd ABŞ Ticarət Nümayəndəliyi ofisinin ABŞ limanlarına gələn Çin gəmilərindən 1,5 milyon dollara qədər yığımı nəzərdə tutan təklifinə əsaslanır. Həmçinin müttəfiqlərini bu təcrübəyə riayət etməyə çağırmağı planlaşdıran Amerika səlahiyyətliləri, bundan imtina olunacağı təqdirdə onları sanksiyalarla hədələyir. Rüsumların məbləği və onların tutulma qaydası hələ dəqiqləşdirilməyib.

Analitiklər xəbərdarlıq edir ki, bu plan Çinin “COSCO”, İsveçrənin “MSC”, Danimarkanın “Maersk”, Tayvanın “Evergreen Marine” və toplu yük, yanacaq və nəqliyyat vasitələrini daşıyan digər şirkətlər kimi böyük konteyner daşıyıcıları üçün əhəmiyyətli xərclərlə nəticələnə bilər.

Bundan əvvəl gəmiçilik şirkətlərinin ABŞ və Çinin təzyiqi ilə Honq-Konqda qeydiyyatdan imtina edərək gəmilərini yenidən qeydiyyata almağa başladıqları məlum olmuşdu.

Qeyd edək ki, Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin məlumatına görə, Çin gəmi inşaatçılarının yük gəmiləri bazarındakı payı 1999-cu ildən bəri 5%-dən 50%-ə yüksəlib, ABŞ-nin gəmiqayırma sənayesi isə 1970-ci illərdə pik həddinə çatdıqdan sonra əhəmiyyətli dərəcədə azalıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   Çin   gəmilər  





Xəbər lenti