Səfərbərlik tədbirlərinin keçirilməsini təmin etməyənlər cərimələnəcək

Qüvvədə olan Məcəlləyə əsasən, müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarəetmə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, idarələrin, təşkilatların vəzifəli şəxsləri tərəfindən səfərbərlik elan edilərkən hərbi vəzifəlilərə vaxtında məlumat verilməməsinə və onların çağırış-toplanış məntəqələrinə və ya hərbi hissələrə gətirilməsinin təmin edilməməsinə görə iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.
Layihəyə əsasən, bu cərimə dörd yüz manatdan altı yüz manatadək məbləğdə olacaq.
Həmçinin layihəyə əsasən, dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatların vəzifəli şəxsləri tərəfindən “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” qanuna uyğun olaraq səfərbərlik hazırlığı və səfərbərlik sahəsində onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməməsinə görə beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə ediləcək. Hazırda bu cərimə iki yüz əlli manatdan üç yüz əlli manatadək məbləğdədir.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
AzVision.az
Teqlər: