Gürcüstan Baltikyanı ölkələrə cavab verib

   Gürcüstan Baltikyanı ölkələrə cavab verib
  07 Mart 2025    Oxunub:827
Baltikyanı ölkələrin Rusiya ilə bağlı hər hansı narahatlıqları varsa, bu problemlə özləri məşğul olmalıdırlar.
AzVision.az bildirir ki, belə açıqlama verən Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili keçirdiyi mətbuat konfransında Baltikyanı ölkələrin Rusiya ilə qarşıdurma üçün başqa dövlətlərdən istifadə etməyə çalışmamalı olduğunu vurğulayıb.

“Bu üç ölkənin hakimiyyətinin Gürcüstanda yalnız bir marağı var. Bu maraq bizim Rusiyaya qarşı silah və alət olmağımızla bağlıdır. Bu üç postsovet ölkəsinin Rusiya ilə bağlı öz qorxuları var. Onlar bu qorxularla mətanətlə üzləşmək və lazım gələrsə mübarizəyə başlamaq əvəzinə, başqa ölkələrin və xalqların köməyi ilə Rusiyanın diqqətini başqa məsələlərə yönəltməyə çalışırlar”, - Gürcüstan parlamentinin sədri deyib.

Bundan əvvəl Estoniyanın Xarici İşlər naziri Marqus Tsahkna Tallinnin Gürcüstanın hökumət strukturlarının 55 nümayəndəsinin ölkəyə girişinə qadağa qoyduğunu açıqalyıb. Nazirliyin saytında dərc edilən məlumata görə, siyahıda “məhkəmə sistemi, məhkəmə və hüquq-mühafizə orqanları tərəfindən etirazçıların təqibinə görə məsuliyyət daşıyan” Gürcüstan hakimiyyətinin nümayəndələri yer alıb.

Sənəddə bildirilir ki, söhbət “mitinq iştirakçılarına, jurnalistlərə və müxalifət liderlərinə” qarşı zorakılıqda iştirak etdiyi iddia olunan şəxslərdən gedir. Latviya və Litva da Gürcüstan hakimiyyətinə qarşı məhdudlaşdırıcı tədbirlərə qoşulub.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Gürcüstan   Baltikyanı   cavab  





Xəbər lenti