Siyavuş Novruzov ABŞ səfirinə “dərs keçdi”

Siyavuş Novruzov ABŞ səfirinə “dərs keçdi”
  19 May 2014    Oxunub:1153
“ABŞ səfiri bizim ölkədə nəsə axtarmaq istəyirsə, əvvəlcə öz ölkəsinə baxsın. Azərbaycanla Amerikanı müqayisə etsinlər ki, hansında vəziyyət necədir, ondan sonra ölkəyə qiymət verə bilər”.

Bunu AzVision.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın Azərbaycanla bağlı fikirlərinə münasibət bildirərkən deyib.

O, vurğulayıb ki, Azərbaycanın hazırkı durumu monolit hakimiyyətin olmağının sübutudur: “Azərbaycan yeganə ölkələrdən biridir ki, burada tam monolit hakimiyyəti var. Bunun bariz nümunəsi Azərbaycanda bir neçə ay əvvəl baş tutan prezident seçkiləridir. Seçkidə seçicilərin böyük əksəryiyəti cənab prezidentə səs verdi. Azərbaycanın iqtisadi uğurları, burada olan ictimai-siyasi sabitlik, davamlı inkişaf, regionların inkişafı bunun göstəricisidir. Monolit hökumət prezidentin tapşırıq və göstərişlərini yerinə yetirir ki, ölkədə sabitlik var”.

YAP rəsmisi qeyd edib ki, Azərbaycan haqqında tənqidi fikirlər səsləndirən Morninqstar ilk növbədə öz ölkəsinə nəzər salmalıdır:

“ABŞ səfiri bizim ölkədə nə isə axtarmaq istəyirsə, əvvəlcə öz ölkəsinə baxsın. Onların “demokratiya” adı altında İraqda ABŞ-ın açıqladığı rəsmi rəqəmlərə görə 300 mindən artıq insan ölüb, 1 milyondan artıq insan şikəst olub. Qeyri-rəsmi məlumatlara görə isə 1 miylondan artıq insan ölüb, 4 milyona yaxın insan şikəst olub. Vaxtilə Səddam Hüseyni ittiham edirdilər ki, onun dövründə 143 nəfər ölüb və dövlət başçısına qeyri-qanuni ölüm hökmü çıxardılar. Amma Amerikanın İraqa daxil olmasından sonra 1 milyon insan öldü. Eyni hal Əfqanıstanda da müşahidə olunub. Demokratiya adı altında ABŞ ordusu bu ölkəyə daxil olandan sonra narkotiklərin dövriyyəsi 40 dəfə artıb. İnsan ölümlərinin sayı da artıb”.

S.Novruzov Morninqstarın səsləndirdiyi fikirləri onun fəaliyyət müddətinin bitməkdə olduğu ilə izah edib: “Səfir zəhmət olmasa, Quantanamoya nəzər salsın ki, orada insanlara ən iyrənc və ən əcaib işgəncə üsulları tətbiq olunub. Həmin işgəncələr barədə danışan bir nəfər isə cəzalandırıldı. Sayılası misallar çəkmək olar. Azərbaycanla Amerikanı müqayisə etsinlər ki, hansında vəziyyət necədir, ondan sonra ölkəyə qiymət verə bilər. Üç aydan sonra onun səfirlik müddəti bitir və belə açıqlamalar verməyi də gözlənilən idi. hamısı bunun nəticəsidir, başqa bir şey yoxdur”.

Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bir neçə gün əvvəl Azadlıq radiosunun “İşdən sonra” proqramında verdiyi müsahibədə Azərbaycan hökumətini monolit olmamaqda ittiham edib. “Hökumətə elələri var ki, ABŞ-Azərbaycan münasibətlərinə ziyan vurmaq istəyir, ona görə də qərb təşkilatlarının işini çətinləşdirmək, yaxud Birləşmiş Ştatları, Avropanı nədəsə günahlandırmağa çalışırlar” – deyə səfir vurğulayıb.

Fatimə Kərimli
AzVision.az



Teqlər:  





Xəbər lenti