“Azərbaycan heç nə itirməyəcək” - Azay Quliyev

“Çünki, Azərbaycan BMT tərəfindən rəsmən tanınmış sərhədlərinin kiminsə kobud şəkildə pozmasına və hər-hansı bir şəxsin öz ərazisinə qanunsuz olaraq daxil olmasına biganə qala bilməz və bu baxımdan bu cür sərhəd pozucularının cəzalandırılması və adlarının “qara siyahı”ya salınması təbii qarşılanmalıdır” - deyə A.Quliyev bəyan edib.
A.Quliyev bildirib ki, belə bir addımın atılması Avropa Şurasının bütün üzv ölkələri kimi Azərbaycanın da suveren hüququdur və ilk dəfə deyil ki, ölkəmiz belə şəxslərlə bağlı prinsipal mövqe sərgiləyir: “Bu yaxınlarda ATƏT Parlament Assambleyasının Almaniya və Fransadan olan bəzi deputatları da eyni qanunsuz hərəkətə yol verdiyindən qurumun gələn ay Bakıda keçiriləcək 23-cü sessiyasında iştirak etmək məqsədilə viza almaq tələblərinə rədd cavabı verilmişdir. Lakin AŞ PA-dan fərqli olaraq ATƏT PA Bakıda keçirəcəyi tədbiri təxirə salmadı və uzun müzakirələrdən sonra Azərbaycanın haqlı tələbini qəbul etdi. Həmin deputatlar Azərbaycanın işğal olunmuş ərazilərinə etdikləri səfərin qanunsuz olduğunu etiraf etdilər və ölkəmizdən rəsmən üzr istədilər. Onların üzrxahlığı nəzərə alındı və sessiyada iştirak etmək üçün viza istəkləri təmin edildi. Belə bir qərarın qəbulundan həm Azərbaycan, həm də ATƏT PA qazandı. Təəssüf ki, AŞ PA-nın bürosu bu cəsarəti nümayiş etdirə bilmədi. Ancaq heç kimin şübhəsi olmasın ki, Avropa Şurasına sədrlik etdiyi dövrdə xüsusi məqsədlərə hesablanmış belə bir qərarın qəbul edilməsindən Azərbaycan heç nə itirməyəcək. İtirən tək tərəf varsa, o da AŞ PA-nın özü olacaq”.