Əsədin tərəfdarları üsyan qaldırıblar - VIDEO

   Əsədin tərəfdarları üsyan qaldırıblar    - VIDEO
  07 Mart 2025    Oxunub:1094
Suriyanın keçid hökumətinə tabe olan təhlükəsizlik orqanları ölkənin Hava Kəşfiyyat Qüvvələrinin (HKQ) keçmiş rəhbəri İbrahim Huveycanı həbs edib.
AzVision.az Suriyanın “SANA” dövlət agentliyinə istinadən xəbər verir ki, Huveyca Bəşər Əsəd tərəfdarları ilə toqquşmaların davam etdiyi Cebla şəhərində keçirilən əməliyyat zamanı daxili təhlükəsizlik rəsmiləri tərəfindən həbs olunub.

Huveyca Suriyada hakimiyyət dəyişikliyinə qədər ən nüfuzlu kəşfiyyat xidmətlərindən biri hesab olunan HKQ-yə 1987-2002-ci illərdə rəhbərlik edib. O, 1977-ci ildə Livanın Mütərəqqi Sosialist Partiyasının qurucusu və Livan druzlarının lideri Kamal Cumblatın qətlinin təşkilində ittiham olunur.

“Əsaslı müşahidə və araşdırmalardan sonra Cebla şəhərindəki qüvvələrimiz Hafiz Əsədin prezidentliyi dövründə yüzlərlə qətldə, o cümlədən Kamal Əsədə sui-qəsdin təşkilatçısı olmaqda günahlandırılan, briqada generalı və Suriya HKQ-nin keçmiş rəisi, cinayətkar İbrahim Huveycanı həbs edə bilib”, - agentliyin yaydığı məlumatda deyilir.

Agentlik bildirir ki, Suriyanın keçmiş prezidenti Bəşər Əsədi dəstəkləyən silahlılar Latakiya əyalətinin Beyt-Ana bölgəsindəki hərbi obyektlərə, həmçinin Suriya Müdafiə nazirliyinə məxsus maşınlara hücum ediblər.

Yaraqlılar özlərini “Suriya Azadlıq Hərbi Şurası” adlandırırlar. Onun lideri Qeyt Süleyman Dala Bəşər Əsəd dövründə zirehli diviziyanın komandiri olub. Hərbi Şura öz bəyanatında yeni hakimiyyətə qarşı əməliyyat elan edib. Üsyançıların çoxu Suriya ələviləridir - Bəşər Əsədin də tərəfdarı olduğu İslamın qollarından birinin ardıcıllarıdır.

Mənbələrə istinad edən “Al Hadath” telekanalı keçid hökumətinin Müdafiə nazirliyinə tabe olan Suriya silahlı qüvvələrinin Dəməşqdən Bəşər Əsəd tərəfdarları ilə toqquşmaların davam etdiyi Latakiya əyalətinə əlavə bölmələr göndərdiyini xəbər verib. Latakiya əyalətinin Daxili Təhlükəsizlik idarəsi cümə günü yerli vaxtla saat 10:00-a qədər komendant saatı tətbiq edib.

Buna səbəb dünən Bəşər Əsədi dəstəkləyən silahlı qrupların Rusiyanın Xmeymim aviabazasının yerləşdiyi Cebla şəhəri yaxınlığında Suriyanın yeni administrasiyasının Daxili Təhlükəsizlik departamentinin nəzarət-buraxılış məntəqələrindən birinə hücum etməsi olub. “Əl-Cəzirə” telekanalı yaraqlılarla toqquşmalarda azı 15 Suriya təhlükəsizlik əməkdaşının həlak olduğunu iddia edir.

Bundan başqa, Suriyanın yeni hökumətinə tabe olan İctimai Təhlükəsizlik departamenti ölkənin qərbində bir sıra regionlarda, o cümlədən Rusiyanın hərbi-dəniz bazasının yerləşdiyi Tartus şəhərində də martın 6-sı yerli vaxtla saat 22:00-dan martın 7-si saat 10:00-dək Tartus şəhərində komendant saatı tətbiq etmək qərarına gəlib. Hakimiyyət sakinləri onların təhlükəsizliklərinin təminatı üçün bu məhdudiyyətlərə əməl etməyə çağırıb.

Bundan əvvəl Suriyanın “Syria” telekanalı məlumat Əsəd rejimi tərəfdarlarının Tartus administrasiyasının binasına atəş açdıqdan sonra İctimai Təhlükəsizlik departamentinin əməkdaşlarının ətrafa səpələndiklərini bildirmişdi. “Əl-Cəzirə” telekanalının mənbəsinin məlumatına görə, Əsəd tərəfdarları Tartusla Baniyas şəhərini birləşdirən magistral yolda Suriya Təhlükəsizlik qüvvələrinə də hücum ediblər.

“SANA” agentliyinin məlumatına görə, Suriyanın Homs vilayətinin hakimiyyət orqanları həmçinin Suriya keçid hökumətinin təhlükəsizlik qüvvələri ilə Bəşər Əsəd tərəfdarları arasında toqquşmalar fonunda yerli vaxtla 6 mart saat 22:00-dan 7 mart 08:00-dək komendant saatı tətbiq edib.

- Hazırkı toqquşmalar ötən ilin dekabrında Əsədin devrilməsindən bəri ən şiddətli toqquşmalardan biridir. Yeni hakimiyyət, o cümlədən Dəməşqin cənubunda Suriya qüvvələrinin mövcudluğunun qarşısını almağa söz verən və ölkənin cənub bölgələrinin “tam silahsızlaşdırılmasını” tələb edən İsrail də daxil olmaqla, bir çox problemlərlə üzləşir. Gərginlik xüsusilə yeni hökumətin əhəmiyyətli təhlükəsizlik qüvvələrini yerləşdirdiyi və Əsəd tərəfdarlarının yenidən toplaşmağa müvəffəq olduğu sahil bölgəsində artıb”, - bir mənbə “Reuters” agentliyinə açıqlamasında deyib.



Sahil İsgəndərov
AzVision.az


Teqlər: Suriya   üsyan  





Xəbər lenti