İlham Əliyev: `Azərbaycan Çinlə əməkdaşlığa sadiqdir` - YENİLƏNİB, FOTOLAR

İlham Əliyev: `Azərbaycan Çinlə əməkdaşlığa sadiqdir` - YENİLƏNİB, FOTOLAR
  21 May 2014    Oxunub:1123
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 20-də Çin Xalq Respublikasının sədri Si Cinpin ilə görüşüb.

Dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Çin Xalq Respublikasının sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.
Dövlət başçıları xatirə şəkli çəkdirdilər.

Çin Xalq Respublikasının sədri Si Cinpin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış etdilər.

Çin Xalq Respublikasının sədri Si Cinpin deyib ki, İlham Əliyevi Çində keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Zirvə Toplantısında səmimi salamlayır:

- Yadımdadır, Sizinlə axırıncı dəfə Soçi Olimpiadasının açılış mərasimində görüşmüşdük. Mən, ilk növbədə, Sizi Azərbaycan prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə bir daha təbrik etmək istəyirəm. Çin tərəfi Azərbaycanın yaxşı dostu və etibarlı tərəfdaşı kimi son illərdə iqtisadiyyatın və cəmiyyətin inkişafında qazanılmış uğurlara ürəkdən sevinir. Əminəm ki, Azərbaycan xalqı cənab Prezidentin rəhbərliyi ilə böyük milli dirçəliş və tərəqqi işində daim yeni uğurlar qazanacaq.

Onun sözlərinə görə, Çin və Azərbaycan xalqlarını hələ iki min il bundan əvvəl Böyük İpək Yolu birləşdirirdi: "Bizim ənənəvi dostluğumuzun çox uzun tarixi vardır. Azərbaycanlılar həmişə deyirlər ki, bərabərlik olmayan yerdə dostluq da yoxdur.

Si Cinpin deyib ki, ölkələrimiz 22 il ərzində bərabərlik, qarşılıqlı fayda və hörmət ruhunda dostluğu və əməkdaşlığı daim inkişaf etdirir:

- Hazırda bizdə siyasi münasibətlərin çox möhkəm təməli, qarşılıqlı etimadın yüksək səviyyəsi formalaşıb, praktiki əməkdaşlığın böyük nəticələri göz qabağındadır. Sizin atanızı ayrıca xatırlamaq istəyirəm. Çin xalqı ona dərin hörmət bəsləyir. Hörmətli Prezident Heydər Əliyev haqqında kitab, habelə "Çin azərbaycanlıların gözü ilə" məcmuəsi artıq hər iki ölkədə çapdan çıxmış və geniş müsbət ictimai rəy doğurmuşdur. Çin Azərbaycan ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verir.

Sintszyan və Tibet kimi mühüm məsələlər barədə Sizin qətiyyətli dəstəyinizi təqdir edir və buna görə Sizə təşəkkür edirik. Biz bundan sonra da Azərbaycan xalqının milli xüsusiyyətlərinə müvafiq inkişaf yolunda seçimini dəstəkləyəcəyik. Biz Sizin suverenliyin, müstəqilliyin qorunmasına və iqtisadi inkişafa yönəlmiş səylərinizi dəstəkləyirik.

Biz, əvvəllər olduğu kimi yenə azərbaycanlı tərəfdaşlarımızla birlikdə Çin ilə Azərbaycan arasında dostluq və əməkdaşlığın davamlı inkişafını stimullaşdırmağa hazırıq.

Azərbaycan Prezidenti İlham Əliyev öz növbəsində ölkəmiz haqqında səmimi sözlərə görə təşəkkür edib.

- Mən 9 il bundan əvvəl Şanxayda olmaq imkanı qazandım. Bu şəhər o vaxt da çox güclü təsir bağışlamışdı. Bu gün isə Şanxay buraya gələn hər bir insanı özünün inkişafı, Çin xalqının son illərdə nail olduğu dəyişikliyin möhtəşəmliyi və miqyası ilə valeh edir. Mənim atam, Azərbaycanın böyük oğlu, müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyev haqqında səmimi sözlərinizə görə də çox təşəkkür edirəm. Onun həyat və fəaliyyəti haqqında kitabın Çin dilində nəşr edilməsi böyük ehtiram əlamətidir. Biz Azərbaycanda bunu çox yüksək qiymətləndiririk və buna görə Sizə çox təşəkkür edirik,- deyən İlham Əliyev bildirib ki, Azərbaycan Çin Xalq Respublikası ilə bütün istiqamətlər üzrə əməkdaşlıq siyasətinə sadiqdir: "Biz bu əməkdaşlığı inkişaf etdirmək, dərinləşdirmək istəyirik və bu istiqamətdə konkret addımlar atmağa hazırıq. Siz beynəlxalq qurumlarda bizim bir-birimizi qarşılıqlı dəstəkləməyimizi qeyd etdiniz. Bir daha vurğulamaq istəyirəm ki, Azərbaycan Sizin ölkənizi Birləşmiş Millətlər Təşkilatında həmişə dəstəkləmişdir və bundan sonra da dəstəkləyəcək".

Görüşdə Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında energetika, infrastruktur, nəqliyyat, ticarət dövriyyəsinin artırılması, texnologiyalar, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək, humanitar, investisiya qoyuluşu və digər sahələrdə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olundu.
Söhbət zamanı beynəlxalq, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 4-cü Zirvə Toplantısında iştirak etmək üçün Şanxaya gələn dövlət və hökumət başçılarının şərəfinə mayın 20-də axşam ziyafət verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva ziyafətdə iştirak etdilər.

Çin Xalq Respublikasının sədri Si Cinpin və xanımı Pen Liyuan Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı qarşıladılar.

Qalereya




Teqlər:  





Xəbər lenti